Ulu Öndərin xatirəsi Türkiyənin Mersin vilayətinin Xətai rayonu ilə qardaşlaşmış Tarsus şəhərində anılıb
Xətai rayonu ilə qardaşlaşmış Tarsus şəhərinin məşhur “Kampus Okulları” liseyində Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü qeyd edilib. Tədbir iştirakçıları və ictimaiyyət nümayəndələri Tarsus şəhərində Ulu Öndərin adını daşıyan parka gəlib, abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ender Portakal Ulu Öndərin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Sonra dahi şəxsiyyətin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyev haqqında film nümayiş olunub. Tədbir azərbaycanlı şair Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeiri ilə başa çatıb.