Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiya mətbuatı Xətai rayonu nümayəndə heyətinin Komatsu şəhərinə səfərinə xüsusi yer ayırıb

15 dekabr 2017 | 11:00

Yaponiyanın İşikava prefekturasının “Hokkoku shimbun” və “Chunichi shimbun” qəzetləri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Komatsu şəhərinə səfəri barədə məqalələr yayıb.

Məqalələrdə qeyd edilir ki, Azərbaycan adı İşikava prefekturasının sakinlərinə yaxşı tanışdır. Belə ki, artıq iki ildir Bakıdan Komatsu şəhər aeroportuna “Silk Way West Airlines” şirkəti tərəfindən həftədə iki dəfə karqo uçuşları həyata keçirilir. Bu uçuşlar ikitərəfli əməkdaşlığın digər sahələrinə də müsbət təsir göstərir. Belə ki, Komatsu şəhərinin meri Şinci Vadanın rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin oktyabrında Azərbaycana səfər edib. Səfər çərçivəsində Azərbaycanın Mingəçevir şəhəri və paytaxt Bakının Xətai rayonu ilə Komatsu şəhəri arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə müzakirələr aparılıb.

Bildirilir ki, Komatsu şəhər meriyasında keçirilən görüşdə mer Azərbaycanda qarşılaşdığı yüksək diqqətə və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Qeyd edib ki, yalnız təyyarə uçuşları deyil, eyni zamanda, Azərbaycanda idmana göstərilən xüsusi diqqət, gənc idmançılar üçün yaradılan şərait tərəfləri bir-birinə daha da yaxınlaşdırır. Rio Olimpiadasında yapon və Azərbaycan idmançılarının mükafatlar uğrunda gərgin mübarizəsinin Yaponiyada böyük maraqla izləndiyini vurğulayan mer, 2020-ci ildə Tokioda keçiriləcək yarışlarda da idmançılarımızın uğurla çıxış edəcəyinə əminliyini bildirib.

Məqalələrdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun fikirlərinə də geniş yer verilib. Bildirilib ki, R.Məmmədov Azərbaycanda Yaponiyaya böyük marağın olduğunu vurğulayıb. Qeyd edib ki, iki ölkənin qədim tarixi, zəngin mədəniyyəti ilə yanaşı, müasir inkişafı xalqlarımız arasında dostluq əlaqələrinin genişlənməsinə mühüm təsir göstərir. İki dost xalqın bir-birindən öyrənə biləcəyi və faydalanacağı çox cəhətlər var. Buna görə də Xətai rayonu ilə Komatsu şəhəri arasında əməkdaşlıq əlaqələrinin qurulması xalqlarımıza mühüm fayda gətirə bilər. Xətai rayonunda salınan “Yapon bağı” barədə məlumat verən R.Məmmədov qeyd edib ki, bu bağ iki xalq arasında dostluğun rəmzinə çevrilib. Bununla yanaşı, rayonda yerləşən Heydər Əliyev Parkında Komatsuda olan mamır bağının nümunəsində yeni bağın salınması da nəzərdə tutulur.

Məqalələrdə vurğulanır ki, ölkələrimizin gələcəkdə reallaşdıracaqları birgə layihələr iki ölkə arasındakı mübadiləni daha da inkişaf etdirəcək, dostluq əlaqələrini möhkəmləndirəcək.

 

Keçidlər