Xətai rayonunda ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində ağacəkmə aksiyası keçirilib
Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun daha da yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Xətai rayonunda da davamlı xarakter alıb.
Rayon İcra Hakimiyyəti və IDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində rayonun bütün idarə, müəssisə, təhsil, səhiyyə ocaqlarının həyətyanı sahələrində, eləcə də, məhəllədaxili ərazilərdə daha bir ağacəkmə kampaniyası keçirilib. Aksiya çərçivəsində 800-dən çox zeytun, şam, küknar ağacları əkilib, ümumilikdə 2000-ə yaxın insan iştirak edib.
Rayonun General Mehmandarov küçəsində sürüşmə ərazisində keçirilən ağacəkmə aksiyasında Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, rayonun idarə və təşkilatları, “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olmuş məktəblilər, könüllülər, fəal gənclər iştirak ediblər.
Yüksək fəallıq və əhval-ruhiyyə ilə keçirilən yaşıllaşdırma marafonunda ərazi məişət tullantılarından təmizlənib, ağac və bəzək kolları əkilib.
Sonda ağacəkmə kampaniyasının iştirakçıları uçün çay süfrəsi təşkil olunub.