Gəncə prospekti 20 ünvanındakı qəzalı binanın söküntüsünə başlanıldı
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov və Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təssərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev Gəncə prospekti 20 ünvanda yerləşən qəzalı binada başlanılmış söküntü işlərinin gedişi ilə tanış olmuşlar.
Məlumdur ki, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu vəzifəyə təyin olunduqdan sonra məcburi köçkünlərin mənzil problemlərinin həlli ilə əlaqədar aidiyyatı təşkilatlar qarşısında vəzifələr qoymuş və bu istiqamətdə işlərin sürətləndirilməsi tapşırılmışdır.
Xətai rayonunda da bu tapşırığın icrası ilə əlaqədar məcburi köçkünlərin kompakt məskunlaşdıqları müxtəlif ünvanlarda bu kateqoriyadan olan insanların siyahıları dəqiqləşdirilmiş və əlaqədar təşkilatlara təqdim edilmişdir. Artıq mərhələli şəkildə həmin qəzalı və yaşayış üçün əlverişli olmayan binalardan məcburi köçkünlərin müasir tipli, tam təmirli yeni inşa edilmiş binalara köçürülməsinə başlanılmışdır.
Bu günlərdə Gəncə prospekti 20 ünvanda yerləşən qəzalı binada məskunlaşmış 122 məcburi köçkün ailəsinin və respublikanın müxtəlif rayonlarından olan 22 ailənin köçürülməsi işləri tam başa çatdırılmış və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən binanın söküntüsünə başlanılmışdır.
Söküntü işləri ilə yerində tanış olmaq üçün əraziyə gələn rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov və Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təssərrüfat Departamentinin rəisi Rafael Mehrəliyevə məlumat verilmişdir ki, binanın mərhələli şəkildə sökülməsini təmin etmək üçün bütün təhlükəsizlik tədbirləri görülmüş, xidmət sahələri tərəfindən su, işıq, qaz verilməsi dayandırılmış və əraziyə ağır texnikalar cəlb olunmuşdur.