13 nömrəli Uşaq Musiqi Məktəbinin “Mədəniyyətə bağlı ömür” adlı hesabat konserti keçirilib
R.Behbudov adına Dövlət Mahnı Teatrında Xətai rayonu S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və 28 may – Müstəqillik Gününə həsr olunmuş “Mədəniyyətə bağlı ömür” adlı hesabat konserti keçirilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Xalq artistləri Ramiz Quliyev, Vamiq Məmmədəliyev, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Çıxış edən Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə qeyd olunur. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz məktəbdir. Azərbaycan dünyada layiq olduğu yüksək pilləyə məhs onun uzaqgörənliyi, müdrikliyi, dəmir iradəsi, zəngin idarəçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Mədəniyyətin bütün sahələrinə, xüsusi ilə də musiqi sahəsinə böyük önəm verən Heydər Əliyevin göstərişi ilə Azərbaycanın müxtəlif bölgələrində musiqi məktəbləri, eləcə də muğam və aşıq sənəti ilə bağlı yaradıcılıq mərkəzləri yaradılmışdır. Hal-hazırda Ulu Öndər Heydər Əliyevin layiqli davamcısı olan Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri sayəsində Azərbaycan musiqisi daha da inkişaf etmişdir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev vurğulayıb ki, musiqi hər bir xalqı dünyada daha çox tanıdan, onu təbliğ edən vasitələrdən biridir. Biz xoşbəxtik ki, xalqımızın belə zəngin musiqisi var. Bu xalqımıza mənəvi qida verir və xalqımızı dünya xalqları içərisində fərqləndirir.
Məktəbin istedadlı şagirdlərin ifa etdiyi Azərbaycan və dünya bəstəkarlarının musiqi əsərləri, həmçinin müəllim və şağırdlərin müxtəlif alətlərin ayrılıqda solo ifası maraqla dinlənilib.