Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni istedadların yetişməsi üçün hər cür şərait yaradılır

22 dekabr 2017 | 11:00

   Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər mədəniyyət və incəsənət müəssisələrinin, musiqi məktəblərinin tikintisi və əsaslı təmiri istiqamətində işlər daha geniş vüsət almışdır.
  Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Xətai rayonundakı 34 saylı uşaq musiqi məktəbinin binasının tam əsaslı təmirdən sonra açılışı olmuşdur. Açılışda iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov və şəhərin mədəniyyət və incəsənət müəssisələrinin rəhbələrinə məlumat verilmişdir ki, sahəsi 279 kvadratmetr olan musiqi məktəbi 1985-ci ildən fəaliyyət göstərsə də, hələ heç vaxt bu səviyyədə əsaslı təmir edilməmişdir. 16 sinif otağından, kiçik konsert zalından və yardımçı otaqlardan ibarət olan məktəbin binasında əsaslı təmir işlərilə yanaşı, yeni istilik sistemi çəkilmiş, akt zalı, kitabxana yaradılmış, bütün inventarlar və avadanlıq yenilənmişdir. Hazırda dörd şöbədə 16 ixtisas üzrə üç yüzə yaxın şağirdin  musiqi təhsili aldığı məktəbdə 77 müəllim çalışır.
   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rayon ictimaiyyətini, müəllimləri və şağrdləri musiqi məktəbinin qısa fasilədən sonra yenidən, həm də daha müasir şəraitdə fəaliyyətə başlaması münasibətilə təbrik edərək demişdir ki, mədəniyyət və incəsənətə diqqət və qayğı ümummilli lider Heydər Əliyevin bizə əmanət etdiyi bir strategiyadır. Bu strategiya, milli mədəniyyətimizin inkişafı və dünyaya tanıdılması kimi strateji bir istiqamət Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir. Ölkədə yüzlərlə yeni mədəniyyət və incəsənət obyektlərinin tikilməsi və yararsız hala düşmüş, illərlə təmir görməyən müəssisələrin əsaslı təmiri və yenidən qurulması xalqımızda bir əminlik yaradır ki, mədəniyyətimiz, incəsənətimiz, milli mədəni varlıqlarımız çox böyük sevgi ilə qorunur.  
   Nazir çıxışında qeyd etmişdir ki, elə bu ayda mədəniyyətimizin, incəsənətimizin, ümumiyyətlə milli mədəni irsimizin böyük hamisi, respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Maştağa Mədəniyyət Mərkəzinin, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin yeni binasının açılışı olmuşdur. Hazırda Şağan qəsəbəsində yeni bir mədəniyyət mərkəzinin tikintisi gedir və yəqin növbəti ilin yaxın aylarında onun da açılışı olacaq.
   Nazir həmçinin qeyd etdi ki, mədəniyyətimizin, incəsənətimizin təmsilçilərinin dünya miqyasında böyük uğur qazanması üçün dövlətimiz üzərinə düşən vəzifələri yarinə yetirir. Ancaq bu məsələnin bir tərəfidir. İkinci məsələ istifadəyə verilmiş bu gözəl, yaraşıqlı binalarda kadr hazırlığının keyfiyyətini yüksəltmək, istedadlı yeniyetmələrimizi, gənclərimizi üzə çıxarmaqdır. Doğrudur, bir çox fədakar müəllimlərimizin sayəsində şagird və tələbələrimiz təhsildə böyük uğurlar əldə edir, müsabiqə və festivallarda yüksək nəticələr göstərir, eyni zamanda xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Amma bütün müəllimlərimiz fədakar və öz vəzifəsinə böyük məsuliyyətlə yanaşan insanlar olmalıdırlar. İnanıram ki, bu gün açılışında iştirak etdiyimiz 34 saylı musiqi məktəbində çalışan müəllimlər də dövlətimizin, Prezidentimizin bu diqqət və qayğısına öz əməli fəaliyyətlərilə cavab verəcəklər.
   Əbülfəz Qarayev məktəbin ətrafında həyata keçirilmiş abadlıq işlərinə, ümumiyyətlə mədəniyyət və incəsənət müəssisələrinə göstərdiyi dəstəyə görə Xətai Rayon İcra Hakimiyyətinin başçısına və onun rəhbərlik etdiyi kollektivə də təşəkür etdi. Bildirdi ki, rayonda həyata keçirilən böyük abadlıq və quruculuq işləri mədəniyyət obyektlərindən də yan keçmir.
   Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov mərasimdə çıxış edərək nazirə təşəkkürünü bildirdi və qeyd etdi ki, bu musiqi məktəbinin təmiri övladlarına musiqi təhsili vermək istəyən yüzlərlə valideynə böyük hədiyyədir. Doğrudur, bu təhsil ocağı əvvəllər də fəaliyyət göstərirdi. Ancaq indiki şərait, təmizlik, rahatlıq yox idi.
   Razim Məmmədov qeyd etdi ki, son illərdə ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı həyata keçirilən böyük layihələrlə müqaisədə kiçik bir nümunəyə çevrilən bu musiqi məktəbinin binasının əsaslı təmiri və istifadəyə verilməsi, ilk növbədə, gənc nəsil arasında zəngin Azərbaycan incəsənətinin, bütövlükdə mədəniyyətinin təbliği işinə xidmət edir. Digər tərəfdən də, bu hadisə mədəniyyətin inkişafının, onun infrastrukturunun yaradılmasının hər zaman Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu göstərir.
   Sonda icra başçısı məktəbin istifadəyə verilməsini Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il ərəfəsində rayon sakinlərinə, bu məktəbin şağird və müəllimlərinə böyük hədiyyə kimi qiymətləndirdi.
   Çıxışlardan sonra nazir Əbülfəs Qarayev və icra başçısı Razim Məmmədov musiqi məktəbinin rəmzi açılışını bildirən qırmızı lenti kəsdilər. Musiqi məktəbində görülən işlərlə, sinif otaqları ilə tanışlıqdan sonra, akt zalında rayon ictimaiyyətinin nümayəndələrilə birgə məktəbin şagirdlərinin hazırladıqları konsert proqramına tamaşa etdilər.

Keçidlər