“Doğma diyar” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Sərgi Mədəniyyət və Turizm Nazirliyi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Pənah İmanov sərginin əhəmiyyətindən və nümayiş edilən əsərlərin füsunkarlığından danışıblar. Vurğulanıb ki, sərgiyə 800 fırça ustası 1700-dək əl işi ilə qatılıb. Təqdim edilən rəsm əsərlərinin içərisindən 150 uşağın 160 sənət əsəri seçilərək sərginin ekspozisiyasında nümayiş edilir.
Qeyd edilib ki, müsabiqə ətraf mühitin mühafizəsi, vətənə məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, estetik və bədii zövqün formalaşdırılması, habelə yaradıcı qabiliyyətin, obrazlı düşüncə tərzinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılmasına dəstək olmaq məqsədilə təşkil olunub.
Müsabiqədə 15 yaşa qədər uşaq və yeniyetmələrin hər biri doğma diyarımızı tərənnüm edən mövzular üzrə üç əsəri ilə iştirak edib.
Sonra müsabiqənin qalibləri mükafatlandırılıb.