Rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirilib
Rayon İcra Hakimiyyətinin başçısının müavini Etibar Əhmədov aparatın Hüquq şöbəsinin müdiri İsmayıl İsmayılov, rayonun memarı Vadim Surxayev və rayon MKTB-nin rəisi Əvəz İsmayılovun iştirakı ilə “Ağ şəhər” layihəsi çərçivəsində “Turşu küçəsi” adlandırılan ərazidə əhalinin köçürülməsi, söküntü və sökülən evlərə kompensasiyaların verilməsi işləri ilə əlaqədar dəfələrlə rayon İcra Hakimiyyəti başçısının qəbulunda olmuş vətəndaş Svetlana Əhmədovanı növbəti dəfə qəbul etmişdir.
Vətəndaş S.Əhmədovanın Turşu küçəsi 32 A ünvanında yerləşən 2 otaqlı mənzili və qarşısındakı qanunsuz tikili S. Əhmədova və onun ailə üzvlərinin iştirakı ilə sökülmüşdür. Onların iştirakı ilə ev əşyaları qablaşdırılaraq özlərinin iştirakı ilə rayon İcra hakimiyyəti tərəfindən kirayə tutulan 3 otaqlı mənzilə daşınmışdır. Həmçinin, müvafiq qiymətləndirmə şirkəti tərəfindən əraziyə təyin olunmuş qiymətlər həddində vətəndaşın mənzilinin faktiki ölçülərinə uyğun olaraq qiymətləndirilərək hesablanan məbləğ ona məxsus depozit hesabına köçürülmüşdür. Lakin Svetlana Əhmədova ona məxsus ərazidə süni şəkildə artırdığı əlavə tikililəri - köməkçi və təsərrüfat sahələrinin də yaşayış sahəsi kimi hesablanmasını istəyir. Bunun da qanunazidd və tələbinin əsassız olduğu onun nəzərinə çatdırılmışdır.
Verilən izahatlara baxmayaraq vətəndaş S.Əhmədova əvvəllər olduğu kimi bir daha ona ayrılan kompensasiyanın az olmasından narazı olduğunu bildirmiş, buna görə də əsas tələb kimi “Ağ şəhər”in ərazisində tikilmiş binalardan mənzillə təmin olunmasını israrla tələb etmişdir.
Vətəndaş Svetlana Əhmədova dəfələrlə bu və ya digər müraciətlərlə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, başçının müavinləri və aparatın digər məsul şəxsləri tərəfindən qəbul edilmiş və mümkün köməkliklər göstərilmişdir.
Eləcə də, S. Əhmədovanın nəzərinə çatdırılmışdır ki, digər sahələrdə olduğu kimi, “Ağ şəhər” layihəsi də dövlət başçısı cənab İlham Əliyevin diqqət mərkəzindədir və onun tövsiyyələrinə uyğun olaraq bu və ya digər məsələlərin həllində bütün vətəndaşların qaldırdıqları problemlərə həssaslıqla yanaşılır, qanunlar və normalar çərçivəsində onların mənafeyi əsas götürülür.
Verilən izahatlardan sonra S.Əhmədovaya bildirilmişdir ki, bazar ertəsi günü müraciəti ilə bağlı rayon İcra Hakimiyyəti başçısı tərəfindən növbəti dəfə qəbul olunacaq.