Xətai rayonunda Mənzil Kommunal Təsərrüfatı Birliyində müşavirə keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa tapşırıq və göstərişlərinə əsasən, ölkənin bütün şəhər və rayonlarında olduğu kimi Xətai rayonunda da abadlıq, yenidənqurma, yeni-yeni parkların, abad həyətlərin salınması, yaşayış binalarının dam örtüklərində, girişlərində, zirzəmilərində əsaslı təmir və təmizlik işlərinin aparılması daha sistemli, planlı və kompleks şəkildə, dövrün tələblərinə uyğun olaraq həyata keçirilir.
26.01.2018-ci il tarixində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin inzibati binasında keçirilən tədbirdə Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Əvəz İsmayılov, İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov, Aparatın şöbə müdirləri, Başçının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Xətai və Əhmədli Bələdiyyələrinin sədrləri, Mənzil Kommunal İstismar Sahələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Razim Məmmədovun tapşırığı ilə keçirilən müşavirədə rayon ərazisində mərkəzi və məhəllədaxili yolların yenidən qurulması, park–xiyaban, abad həyətlərin inşası, ərazilərə nəzarət və qanunsuz tikililərə qarşı mübarizənin gücləndirilməsi, yaşayış binaların əsaslı təmir işləri ilə bağlı genişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma işləri barədə geniş təhlillər aparılıb.
Həmçinin, ekoloji vəziyyətin sağlamlaşdırılması ilə bağlı kompleks tədbirlər çərçivəsində Bakı şəhərinin Baş planı əsasında Bakı-Ağ Şəhər layihəsi çərçivəsində inşaat işləri ilə əlaqədar 2013-cü ildən başlayaraq sakinlərin köçürülməsi, söküntü işlərində, müvafiq qaydada kompensasiyaların ödənişi, qarşıya qoyulan tapşırıqlara vaxtında əməl olunması ilə əlaqədar bütün imkanların səfərbər olunması və qısa müddətdə həyata keçirilməsinin vacibliyi xüsusi diqqətə çatdırılmışdır.