Rayon İcra Hakimiyyətinin başçısı kənd təsərrüfatı məhsullarının satış yarmarkasına baxış keçirib
Xətai rayonunda Məzahir Rüstəmov küçəsində - “Bakı” kinoteatrının yaxınlığında əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının daha dolğun ödəmək, istehlakçıların seçim imkanlarının artırmaq, süni qiymət artımı və möhtəkirliyin qarşısını almaq üçün kənd təsərrüfatı mallarının satış yarmarkası təşkil olunub. 03.02.2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov yarmarkaya baxış keçirib.
Yarmarkaya Balakən, Qəbələ, Qax, Daşkəsən, Quba və Şəmkir rayonlarından gətirilən məhsullarla yanaşı, müxtəlif firma və məhdud məsuliyyətli cəmiyyətlərin istehsal etdikləri məhsulların daha ucuz qiymətə satışı təşkil olunub.
Yarmarkada satışa çıxarılan məhsulların qiymətləri bazardakı qiymətlərdən xeyli aşağıdır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları məhsulların sanitar-gigiyenik vəziyyətini diqqətlə yoxlayırlar.
Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti cəlb edir. Yarmarkanın yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb, giriş və çıxışlarda nəzarət tərəziləri qoyulub, lövhələrdə qiymətlərin bazarla müqayisəsi göstərilib.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov müvafiq şəxslərə yarmarka ərazisinin təmiz saxlanılması, qiymətlərin göstərilməsinə nəzarətin həyata keçirilməsi, maşınların yarmarka ərazisində maneçilik törətməməsi üçün müvafiq tədbirlərin görülməsi və digər məsələlərlə bağlı tövsiyyə və tapşırıqlar verib.
Söhbət zamanı satıcılar onlara yaradılan şəraitə görə razılıqlarını bildiriblər. Sakinlər də etiraf ediblər ki, Xətai rayonundakı yarmarkanın ərazisi şəhərdəki digər yarmarkalardan daha geniş, məhsulların çeşidinə görə daha zəngindir. Sakinləri həmçinin, yarmarkadakı ərzaq məhsullarının qiymətlərinin onları qane etdiyini vurğulayıb, bu qayğıya və belə bir imkanın yaradıldığına görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıq ifadə ediblər.