2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirildi
Xətai Rayon İcra Hakimiyyətinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirildi.
Hesabat məruzəsi ilə çıxışına ölkənin ümumi inkişaf mənzərəsinin hazırkı vəziyyətinin təhlili ilə başlayan Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov qeyd etdi ki, Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil Azərbaycanın siyasi və iqtisadi inkişaf strategiyasını son 14 ildə yaradıcı şəkildə və qətiyyətlə davam etdirərək, respublikanın sosial- iqtisadi və siyasi dayaqlarını əsaslı şəkildə möhkəmləndirərək onu dünyanın sabit inkişaf edən nüfuzlu dövlətlərindən birinə çevirmişdir. Yüz il bundan öncə Şərqdə ilk demokratik ölkə kimi parlayan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünki müsəqil Azərbaycan məhz ulu öndər Heydər Əliyevin və Prezidnetimiz İlham Əliyevin müstəsna xidmətləri sayəsində qabaqcıl dünya dövlətlərinə uğurla inteqrasiya olunaraq dünyəvi dövlət olduğunu bütün bəşəriyyətə nümayiş etdirməkdədir.
R.Məmmədov qeyd etdi ki, yanvarın 10-da Prezident İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirdiyi kimi, 2017-ci ildə də ölkəmiz dünyanın uğurla inkişaf edən sabit dövlətlərindən biri olmuşdur. Məhz bunun nəticəsidir ki, Davos Ümumdünya İqtisadi Forumunun reytiqində Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə də irəliləyərək, dünya miqyasında 35-ci yerə qalxmışdır.
Natiq vurğulamışdır ki, bu nailiyyətlərin və uğurların əldə edilməsində dövlət başçısının inkişaf və tərəqqi strategiyasını əldə rəhbər tutan Xətai rayonunun, az da olsa, payı var. Belə ki, 2017-ci ilin yekunlarına əsasən, rayonun sənaye müəssisələrində 1 milyard 336,4 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu göstəricidə dövlət sektorunun payı 1 milyard 253,8 milyon manat və ya ümumi istehsalın 93,8 faizi qədər, qeyri-dövlət sektorunda isə 82 milyon 609 min manat və ya ümumi istehsalın 6,2 faizi qədər olmuşdur. İstehlakçılara 1 milyard 340,2 milyon manatlıq və ya bütün sənaye istehsalının 100,3 faizi qədər məhsul göndərilmişdir.
2017-ci ildə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2 milyard 522, 9 milyon manata yaxın və ya əvvəlki illə müqayisədə 18,4 faiz çox istehsal malları satılmışdır. Özəl müəssisələrdə 2 milyard 522, 8 milyon manatlıq və ya 2016-cı illə müqayisədə 18,4 faiz çox istehlak malları satılmışdır. Rayonun ticarət şəbəkəsindən əhaliyə satılmış ərzaq məhsullarının həcmi 1 milyard 479, 6 milyon manatı ötmüş, qeyri-ərzaq mallarının həcmi isə 1,045 milyard manat təşkil etmişdir.
Bütün maliyyə mənbələri hesabına 38 milyon 986 min manat əsas fondlar istifadəyə verilmiş, iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala 709,703 milyon manat investisiya yönəldilmiş ki, bu da 2016-cı illə müqayisədə 49,6 faiz çoxdur. 681, 5 milyon manatlıqdan çox tikinti-quraşdırma işləri görülmüşdür. Tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi isə 1 milyard 93,14 milyon manatdan çox olmuşdur.
Xüsusi vurğulandı ki, 2017-ci ilin noyabr-dekabr aylarında Gəncə prospekti 20 ünvanındakı qəzalı binada məskunlaşmış 119 məcburi köçkün ailəsi də yeni tikilmiş, tam şəraitli mənzillərə köçürülmüşdür.
Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 716 milyon manat, dövlət mülkiyyətində olanların işlərinin həcmi isə 376,3 milyon manat olmuşdur. 10 min nəfərdən artıq insanın çalışdığı tikinti sektorunda orta aylıq əmək haqqı 1567,3 manat təşkil etmişdir.
Nəqliyyat sektorunda xidmətlər ötən ildəkindən 18 faiz artaraq 839,2 milyon manata çatmış, rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 43 milyon manata yaxın xidmətlər göstərilmişdir ki, bu da əvvəlki illə müqayisədə 3,6 faiz çoxdur. Nəqliyyatda çalışanların orta aylıq əmək haqqı 15,5 faiz artaraq 1 min manatı keçmiş, rabitə işçilərinin orta aylıq əmək haqqı isə 2,8 artaraq 666 manat təşkil etmişdir. Əhalinin orta aylıq əmək haqlarının artımı pullu xidmətlərin həcminin də artmasına və 693,2 milyon manata çatmasına səbəb olmuşdur.
İcra başçısı vurğulamışdır ki, ötən il dövlət başçısının əhali arasında işsizliyin aradan qaldırılması ilə bağlı tapşırıqları da uğurla icra olunur. Belə ki, son 3 ildə 17 min 901 iş yeri yaradılmışdır, ki bunun da 7 min 62-si 2017-ci ildə yaradılmışdır.
R.Məmmədov hesabatında vurğuladı ki, 2017-ci ildə rayon sakinlərinin yaşadıqları mənzillərdə, idarə və müəssisələrdə enerji daşıyıcılarının təminatında demək olar ki, heç bir fasilə qeydə alınmamışdır. Ümumiyyətlə, indi Xətai rayonunda qaz, elektrik enerjisi, su və istilik təminatı ilə bağlı çox nadir hallarda şikayətlər daxil olur ki, onlar da dərhal müvafiq strukturlar tərəfindən dərhal aradan qaldırılır. Amma buna baxmayaraq, suya və enerji daşıyıcılarına cavabdeh olan qurumlarda bu arxayınlıq yaratmamalıdır və onlar əhalinin bu sahədəki təminatını daim yüksək vəziyyətdə saxlamalıdırlar.
Məruzədə qeyd edildi ki, ötən il abadlaşdırma layihələri çərçivəsində köhnə mənzil fondunun yenilənməsi layihəsi üzrə 9 ünvanda təmir işləri davam etdirilmişdir. Rayonun ekoloji və sanitar vəziyyətinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər görülmüşdür.
Rayonun məktəbəqədər və orta ümumtəhsil müəssisələrində aparılan təmir işləri də qrafik üzrə davam etmişdir. Dövlət Proqramı çərçivəsində rayonun 257 nömrəli tam orta məktəbində 500 yerlik yeni tədris korpusunun tikintisi başa çatmış, Xudu Məmmədov küçəsi 6 ünvanında 120 yerlik yeni uşaq bağçasının tikintisi isə yekunlaşmaq üzrədir.
Başçı yol infrastrukturu ilə bağlı “Ağ Şəhər” ərazisinə düşən Xaqani Rüstəmov küçəsində aparılan əsaslı yenidənqurma işlərindən və həmin ərazidə yeni yeraltı piyada keçidin tikilmisindən də məlumat verdi. Göstərdi ki, həmin küçənin Babək prospekti ilə birləşməsində, Süleyman Vəzirov küçəsi ilə kəsişməsində yol qovşağının, Süleyman Vəzirov küçəsinin yenidənqurulması və piyada keçidinin tikilməsi işləri tamamlanmışdır.
Hesabat məruzəsinin sonunda qeyd edildi ki, 2017-ci ildə İcra Hakimiyyətinə 6 min 876 müraciət daxil olmuşdur. Vətəndaşların müraciətlərinə baxılması və qaldırılan problemlərin araşdırılmasına diqqət artırılmışdır. Ümumiyyətlə, vətəndaşlarla hakimiyyət orqanalarının daha da yaxınlaşması üçün icra başçısı yerlərdə vaxtaşırı səyyar qəbullar keçirir ki, bu da əksər məslələrin yerində həll edilməsinə müsbət təsir göstərir.
Hesabat məruzəsi ətrafında çıxış edən Milli Məclisin deputatı YAP Xətai rayon təşkilatını sədri Hüseynbala Mirələmov, Xətai rayon prokuroru Yusif İldırımzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin rəisi Mehman Qurbanov və başqaları 2017-ci ildə görülən işləri yüksək qiymətləndirmiş və 2018-ci ildə də bu inkişaf tempini qoruyub saxlamağı tövsiyyə etmişlər.
Hesabat yığıncağında iştirak edən Azərbaycan Respublikası Prezident Adminstrasiyasının məsul əməkdaşı Tağı Tağıyev iştirakçılar qarşısında çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm məqamları və 2018-ci il üçün nəzərdə tutulan sosial-iqtisadi inkişaf layihələrinin əsas mahiyyətini açıqlamışdır.
Çıxış edənlər bütövlükdə görülən işləri qənaətbəxaş qiymətləndirmiş və 2018-ci ildəkı fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulamışlar.
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul edildi.