RAYON İCRA HAKİMİYYƏTİNDƏ VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLMİŞDİR
12 fevral 2018-ci il tarixdə rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilib. Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, başçının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Mənzil Kommunal Təsərrüfat Birliyinin, Mənzil İstismar Sahələrinin məsul işçiləri, rayon xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbulda ümumilikdə 31 vətəndaş iştirak etmişdir. Müraciət edən sakinlər tərəfindən əsasən, sosial və kommunal məsələlər, həmçinin, “Ağ şəhər” layihəsi çərçivəsində sökülən evlərə görə kompensasiyaların ödənilməsi ilə bağlı müraciətlər dinlənilmişdir.
Qəbulda həmçinin dəfələrlə rayon İcra Hakimiyyəti başçısının qəbulunda olmuş Xudu Məmmədov küçəsi 2529 ünvanında yaşayan bir qrup sakin-Ağayeva Məhbubə, Hüseynova Səadət, Əhmədova Güllü bildiriblər ki, vaxtilə həyətlərində sahibkar tərəfindən bina tikilərkən söz verilmişdir ki, tikinti işləri başa çatdıqdan sonra həyət təmamilə abadlaşdırılacaq, uşaqlar üçün əyləncə qurğuları, böyüklər üçün "besedka"lar quraşdırılacaq. Lakin bu işlər görülməmiş, əksinə ərazi daha da bərbad vəziyyətə salınmışdır. İcra Hakimiyyətinin başçısı bir müddət əvvəl həmin ərazidə olmuş, sakinlərin müraciətləri əsasında təmizlik işləri aparılmış, həyətdə 130 ədəd ağac əkilmişdir.
Görüş zamanı sakinlər xahiş ediblər ki, həmin ərazidə əsaslı və daha geniş əırazini əhatə edən abadlıq işləri aparılsın, rayonun digər məhəllələrində olduğu kimi "Nümunəvi həyət" yaradılsın. Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların müraciətlərini dinləmiş, həlli istiqamətində müvafiq tapşırıqlar vermişdir.
Qəbulda iştirak edən bütün vətəndaşlara müraciətləri ilə bağlı müvafiq məlumatlar verilmiş, görüşdə iştirak edən rəsmi şəxslər sakinləri maraqlandıran sualları cavablandırmış, onları narahat edən məsələlərə aydınlıq gətirmişlər.
Sakinlər onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.