Xətai rayon İcra Hakimiyyətinin başçısı hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə Diplom və Xatirə Plaketi ilə təltif olunub
Rayon İcra hakimiyyətində rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin rəisi Mehman Qurbanov, xidmətin şöbə müdiri Rövşən Vəliyev, başçının müavinləri, aparatın şöbə müdirləri, rayon bələdiyyə sədrləri, Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbirdə qeyd olundu ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2012-ci –ilin fevral ayının 13-də yaradılıb. Xidmətin rəisi general leytenant Arzu Rəhimovdur. Qeyd olundu ki, Xətai rayonunda hərbi vətənpərvərlik tərbiyəsi işinin təşkilinə xüsusi diqqət ayrılır. Mütəmadi olaraq rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsi tərəfindən rayon ərazisində müxtəlif tədbirlər təşkil olunur. Belə tədbirlərin keçirilməsində əsas məqsədin gənc nəslə hərbi vətənpərvərlik tərbiyəsini aşılamaq, həmçinin məktəb şagirdlərinin ordu sıralarında xidmətə hazırlanmasında köməklik göstərilməsidir. Bu istiqamətdə rayon İcra Hakimiyyəti tərəfindən mühüm işlər görülür. Məktəblərdə vətənpərvərlik mövzusunda tədbirlərin təşkil edilməsi, cəsurlar və şahinlər hərbi idman oyunları və yazı inşa müsabiqələrinin keçirilməsi bu qəbildən olan işlər sırasındadır. Hazırda rayon ərazisində bir sıra hərbi təhsil müəsisələri, o cümlədən, Heydər Əliyev adına Ali Hərbi məktəb, Cəmşid Naxçıvanski adına Hərbi lisey fəaliyyət göstərir. Hər il Xətai rayonu ilə yanaşı respublikamızın digər bölgələrindən olan yüzlərlə gəncin bu təhsil ocaqlarına qəbul olma arzusu böyüməkdə olan nəslin vətənpərvərlik hissinin yüksək olmasının göstəricisidir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin rəisi Mehman Qurbanov çıxış edərək bildirdi ki, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general leytenant Arzu Rəhimov tərəfindən hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə “Diplom” və “Xatirə Plaketi” ilə təltif olunmuşdur.
Xətai rayon İdarəsinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mehman Qurbanov mükafatları rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədova təqdim etdi.
Razim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovu Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 2-ci dərəcəli Vətənə Xidmətə görə ordeni ilə təltif olunması münasibəti ilə təbrik etdi və Pespublikamızda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən islahatlardan söhbət açdı. Həmçinin Xətai rayonunda hərbi vətənpərvərlik işinin təşkilinə göstərilən xüsusi diqqətə görə minnətdarlığını bildirdi.
Tədbir çərçivəsində rayon İcra Hakimiyyətinin başçısının müavini Etibar Əhmədov və aparatın şöbə müdiri Pənah İmanov da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsi tərəfindən rayon ərazisində vətənpərlik mövzusunda keçirilən tədbirlərin təşkilində göstərdikləri xüsusi xidmətlərə görə diplomlarla təltif olundular.