171 nömrəli məktəbdə Xocalı faciısinin qurbanları anıldı
Xocalı soyqırımının 26-ci ildönümü ilə bağlı Xətai rayonu 171 saylı orta məktəbdə keçirilən tədbir əvvəlcə Azərbaycan tarixindən bəhs edən filmin nümayişi ilə başladı.
Xocalı soyqırımı barədə məlumat verən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyevə diqqətə çatdırdı ki, 20-ci əsrin sonunda dünyanın gözü qarşısında baş verən bu kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi. Maarifləndirmə işləri çərçivəsində rayon icra hakimiyyəti tərəfindən xüsusi buklet hazırlanıb, müəssisə və təşkilatlara paylanılıb.Vurğulandı ki, Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd isə gənc nəslə vətənpərvərlik hissini aşılamaq, onları maarifləndirməkdir.
İki sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər çıxışçılar bildirdilər ki, dövlət tərəfindən, o cümlədən Heydər Əliyev Fondu bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü işlər həyata keçirir.
Tədbir çərçivəsində şagirdlərin hazırladıqları "Qurumayan göz yaşımız – Xocalı" adlı ədəbi-bədii kompozisiya nümayiş olundu.