Xətai rayonunda Heydər Əliyev parkı əsl dostluq və qardaşlıq rəmzlərini özündə birləşdirən paytaxtın ən gözəl parklarındandır
Xətai rayonu ərazisində Ulu Öndər Heydər Əliyevin adını daşıyan park 2000-ci ildə inşa edilmişdir. Parkın açılış mərasimi 4 iyun 2000-ci il tarixində Ulu Öndərin öz iştirakı ilə baş tutmuşdur.Təntənəli açılış mərasimində iştirak edən Heydər Əliyev paytaxtın gözəl guşələrindən biri olan Əhmədlidə belə bir parkın tikilməsindən və sakinlərin istifadəsinə verilməsindən məmnun qaldığını bildirərək həmin parkda ağac əkmişdir. Həmin ağac bu günədək qorunub saxlanılır.
Amma çox təəssüf ki, parkın ərazisi bir müddət baxımsız qaldığından və ciddi nəzarət olmadığından yararsız hala düşmüşdür. Ona görə də 2007-ci ildə rayon İcra Hakimiyyəti tərəfindən parkın əsaslı təmirinə başlanıldı. Əsaslı təmir işləri çərçivəsində möhtəşəm giriş qapısı tikildi, mövcud şəlalə genişləndirildi, ağac və gül kolları çoxaldıldı. Ən əsası isə Ulu Öndər, Ümummilli Lider Heydər Əlievin həmin parkda heykəli ucadıldı. 2007-ci il oktyabrın 3-də əsaslı yenidənqurmadan sonra parkın açılış mərasimində ölkə başçısı cənab İlham Əliyev iştirak etdi. Hazırda həmin park paytaxtın ən gözəl parklarından biri kimi həm sakinlərimizin, həm də paytaxtımızın qonaqlarının sevimli istirahət məkanlarından biridir. Rayon ərazisində digər belə parklar və istirahət guşələri kimi Heydər Əliyev parkı da daim nəzarətdə saxlanılır, mütəmadi olaraq ağaclar, dekorativ kollar vaxtlı- vaxtında budanır, aqrotexniki xidmət göstərilir.
Heydər Əliyev Parkının bir özəlliyi də ondan ibarətdir ki, bu park əsl dostluq rəmzidir. Belə ki, Ukrayna dairəsi yaxınlığında yerləşən bu park bir tərəfdən Azərbaycan – İtaliya dostluq münasibətləri çərçivəsində Bakı və Neapol şəhərlərinin qardaş şəhərlər olması ilə əlaqədar Neapol küçəsi, digər tərəfdən isə paaytaxtımızın Vyetnamın Vunq-Tau şəhəri ilə qardaşlığının rəmzi olan Vunq-Tau küçəsi ilə əhatə olunub. Parkda eləcə də, 2008-ci ildə uşaq evləri və internat məktəblərində tərbiyə alan kimsəsiz uşaqların "DAN ULDUZU" III Beynəlxalq Bədii Yaradıcılıq Festivalının keçirilməsi ilə əlaqədar simvolik olaraq iştirakçı ölkələrin adları olan lövhələr quraşdırılıb.
Son illər Azərbaycan – Yaponiya dostluq münasibətləri çərçivəsində Xətai rayonunda bir sıra tədbirlər və layihələr həyata keçirilir. Belə ki, Azərbaycan Prezidentinin tapşırığı ilə ölkənin 10-dan artıq rayon İcra Hakimiyyəti başçıları 2014-cü ildə Yaponiyada 10 günlük təcrübə mübadiləsində olarkən bir sıra işgüzar görüşlər keçirmiş, iki ölkə arasında iqdisadi, mədəni və s. istiqamətlərdə münasibətlərin qurulması və inkişaf etdirilməsi müzakirə olunmuşdur.
Bu münasibətlər çərçivəsində Heydər Əliyev parkında Yapon bağının salınması qərara alınmış, 2015-ci ildə parkda Yaponiyanın tanınmış "KOSUGİ-Zohen" şirkəti ilə birgə inşa edilən “Yapon bağı” qədim yapon mədəniyyətini özündə əks etdirən atributlarla zənginləşdirilmişdir. Parkda Azərbaycanın müxtəlif yerlərindən, xüsusən də Xızı dağlarından gətirilən təbii qaya və çay daşlarından "Şəlalə" kompleksi qurulmuş, bağın tikintisinə yerli mütəxəssislərlə yanaşı 11 yaponiyalı mütəxəssis də cəlb olunmuşdur.
Bu müddət ərzində yerli sakinlərlə yanaşı Yaponiyanın ölkəmizdə olan əvvəlki və yeni səfirləri, Komatsu şəhərinin meri və rəhbərlik etdiyi nümayəndə heyəti, İşikava perefekturasının Şika şəhərinin nümayəndələri, “EXPO-2017, Yaponiya sərgisi”nin iştirakçıları olan iş adamları və başqa qonaqlar Heydər Əliyev Parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, parkı gəzib, “Yapon bağ”ında olublar. Bütün bu gəzinti və ziyarətlər əlbətdə ki, ölkəmiz haqqında, insanlarımız haqqında xoş təəsüratlar yaradıb.
Parkda bir neçə dəfə Yaponiyanın “Va-Liqa” folklor ansanblının Azərbaycanın “Muğam üçlüyü” ilə birgə konsertləri təşkil olunub. Bu tədbirlərdə ölkəmizdə olan diplomatik korpusların nümayəndələri, səfirlər iştirak ediblər.
Bu dostluq münasibətləri çərçivəsində 2016 və 2017-ci illərdə Yaponiya parlamentinin Müşavirlər Palatasının üzvü xanım Akiko Santonun və Komatsu şəhərinin Meri Şinçi Vadanın dəvətilə Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiyada olarkən bir sıra işgüzar görüşlər keçirmiş, Tokiyo perefekturasının Setaqaya və İşikava perefekturasının Komatsu şəhərləri ilə qardaşlaşma müzakirələri edilmış və ilkin razılığa gəlinmişdir. Bu razılaşma çərçivəsində Komatsu şəhərinin merinin rəhbərliyi ilə nümayəndə heyəti ölkəmizdə, o cümlədən Xətai rayonunda olmuşlar. Yaponiyada olarkən xanım Akiko Santa və Setaqaya şəhərinin meri Bakıya dəvət olunmuşdur. Bir sözlə dostluq münasibətlər bu gün də davam edir, bu istiqamətdə bir sıra yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Görülən işlər çərçivəsində parkın ərazisində “Mamır bağı”nın salınması layihəsi də nəzərdə tutulub və artıq yaponiyalı mütəxəsislər tərəfindən parkın tikiləcəyi yerə baxış keçirilib, hazırda layihələndirmə işləri aparılır. Eləcə də hansı növ mamır və bitkilərin əkiləcəyi müəyyənləşdirilir. Qeyd edək ki, iqlimə və hava mühütinə görə Yaponiyada mamırın 40-dan artıq növü mövcuddur. Ona görə də bağın salınacağı ərazidə ağac kəsimi yox, əksinə çox yeni bitki və kolların əkilməsi nəzərdə tutulur.
Son günlərdə bəzi saytlarda parkda görülən işlərlə bağlı “Mamır bağı”nın yalnız buddizm dininin simvolu kimi qələmə verilməsini yalnız uğursuz jurnalist təxəyyülünün məhsulu hesab edirik. Tövsiyyə edirik ki, səbrli olub görülən işlərin nəticəsini gözləsinlər. Daha səhih məlumatları isə parkda çalışan fəhlələrdən yox, Rayon İcra Hakimiyyətində bu işlərin görülməsinə məsul olan səlahiyyətli şəxslərdən alsınlar.
Xətai rayon İcra Hakimiyyəti olaraq bildiririk ki, digər dövlət qurumları ilə birgə həyata keçirdiyimiz bütün tədbirlərimiz yalnız insanlarımızın rifah halının yaxşılaşdırılması, asudə vaxtının səmərəli təşkili və abadlaşdırma, müasirləşmə, yenidənqurma işlərinə xidmət edir.