XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİNDƏ 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ QEYD OLUNDU
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısı cənab Razim Məmmədov, rayon İcra Hakimiyyəti aparatında, Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə, elm, təhsil, idman, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak edirdilər.
Xətai Rayon İcra Hakimiyyəti başçısı cənab Razim Məmmədov tədbirdə iştirak edən bütün xanımları gözəl bayram münasibəti ilə səmimi qəlbdən təbrik etdi. Bildirdi ki, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı tarix boyu vətənimizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadınının bütün dövrlərdə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətləri olmuşdur. Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Ulu öndər Heydər Əliyev qadınların xidmətlərini – gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi hər zaman yüksək qiymətləndirərək, onlara daim böyük diqqət və qayğı göstərmişdir. Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. Bu gün Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər. Respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Bütün bunların təməlində isə ümummilli liderin uzaqgörən siyasətinin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.
Daha sonra Xətai Rayon İcra Hakimiyyəti başçısı cənab Razim Məmmədov tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə rayonun fəal qadınları fəxri fərmanlar və dəyərli hədiyyələr ilə mükafatlandırıldılar. Bununla yanaşı tədbirdə iştirak edən qadınların hər birinə hədiyyələr tədqim olundu.
Tədbirdə iştirak edən qadınlar hər zaman rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlıq etdilər və Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Müstəqil Azərbaycanımızın dinamik inkişafı, çiçəklənməsi, xoşbəxt gələcəyi naminə fəaliyyətlərini əsirgəməyəcəklərini bildirdilər.