Naxçıvandan gələn “Ölkəmizi tanıyaq” tur aksiya iştirakçıları belə qarşılandı
"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Naxçıvandan Bakiya gələn maarifləndirici tur-aksiyanın iştirakçıları Heydər Əliyev Beynəlxalq hava limanında təntənəli mərasimlə qarşılandı. Foyedə onları Xətai rayon İcra Hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva, Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, paytaxt sakinləri, aşıqlar qrupu, “Natiq” ritm qrupu, "Səma" rəqs ansablı Xətai rayon Mədəniyyət Mərkəzinin nağaraçılar, folklor və rəqqaslar qrupu, Kosa, Keçəl, Bahar qızı, milli geyimli qızlar və paytaxt sakinləri salamladı.
Qarşılanma mərasimində çıxış edən Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva Naxçıvandan gələn məktəblilərə Bakı şəhərində keçirəcəkləri 3 gün ərzində mənalı və xoş istirahət arzuladı.
Tur aksiyanın Novruz bayramı ərəfəsində təşkil olunması isə tədbirə ayrı rəngarənglik qatırdı. Kosa ilə Keçəlin məzəli əhvalatları, qədim musiqi sədası altında yallı rəqsi Naxçıvandan gələn məktəblilərdə xoş təəssürat yaratdı.
Qarşılanma mərasimində ən yadda qalan məqam isə Xətai rayon məktəblilərinin gələn qonaqları "Novruz" xonçaları ilə qarşılamaları, onlara bayram sovqatı təqdim etmələri oldu. Aksiya çərçivəsində şagirdlər vaxtlarını səmərəli keçirtməklə yanaşı həm də Bakının qədim tarixi-memarlıq abidələri ilə tanış olub, görməli yerlərini gəzəcəklər.