XƏTAİ RAYONUNDA NOVRUZ YARMARKASI FƏALİYYƏTƏ BAŞLADI
Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə Xətai rayonu, Məzahir Rüstəmov küçəsində, Bakı kinoteatrının yaxınlığında bayram yarmarkası fəaliyyətə başlayıb.
Yarmarkaya Balakən, Qəbələ, Qax, Daşkəsən, Quba, Şəmkir rayonlarından gətirilən məhsullarla yanaşı bayram yarmarkasında müxtəlif firma və məhdud məsuliyyətli cəmiyyətlərin istehsal etdikləri məhsulların daha ucuz qiymətə satışı təşkil olunmuşdur. Qeyd edək ki, yarmarkada satışa çıxarılan məhsulların qiymətləri bazardakı qiymətlərdən nəzərə çarpacaq qədər aşağıdır. Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.
Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti cəlb edir. Kənd təsərrüfatı məhsullarının bir cərgə boyu yerləşdirilərək sakinlərin rahatlığı təmin edilmişdir. Yarmarkanın yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılmış, giriş və çıxışlarda 2 ədəd nəzarət tərəzisi qoyulmuş, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilmişdir. Həmçinin, yarmarkada bayram əhval-ruhiyyəsi yaradılmış, novruz atributları ilə bəzədilmiş, bayram günlərində alış-veriş etməyə gələn sakinlərdə xoş ovqat yaradılması məqsədilə milli müsiqiçilər dəstəsinin iştirakı təmin edilmişdir.
Sakinlər aparılan söhbət zamanı Xətai rayonundakı yarmarkanın ərazisi şəhərdəki digər yarmarkalardan daha geniş, məhsulların çeşidinə görə daha zəngin olduğunu vurğulayıblar. Həmçinin, yarmarkadakı ərzaq məhsullarının qiymətlərinin onları qane etdiyini bildirmiş, bu qayğıya və bu imkanın yaradıldığına görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıq ifadə etmişlər.