31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMININ 100 İLLİYİ İLƏ ƏLAQƏDAR XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİNDƏ TƏDBİR KEÇİRİLİB
31 mart azərbaycanlıların soyqırımı gününün 100 illiyi ilə əlaqədar rayon İcra Hakimiyyətində tədbir keçirildi. Tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edən Xətai rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədov bildirdi ki, 31 mart soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmişdir. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Lakin, bu qanlı faciəyə əsl hüquqi qiymət məhz Ulu Öndər tərəfindən verildi. Məhz Ümummilli Lider Heydər Əliyev 1998-ci il martın 26-da “1918-ci il mart soyqırımı haqqında” Fərman imzalayıb. Fərmanda bu hadisələrlə bağlı Milli Məclisin sessiyalarının keçirilməsi, bu sahədə tədqiqat işlərinin aparılması, hər il mart ayının 31-nin milli matəm günü kimi qeyd edilməsi, bu faciənin dünya ictimaiyyətinə çatdırılması kimi konkret vəzifələr qoyulub. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşib. Həmin ildən etibarən bütün xalqımız bu tarixi “31 mart Azərbaycanlıların soyqırımı günü” kimi qeyd edir.
Çıxış edən YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə və digər çıxışçılar bildirdilər ki, bütün bunlar ermənilər tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, represiya və soyqırımı siyasətidir. Təəssüflər olsun ki, bu vəhşiliklər bu gün də davam edir. Məhz öz havadarlarının dəstəyi ilə Ermənistan Respublikası bu gün də Azərbaycanın 20 % torpaqlarını işğal altında saxlayır. “Böyük Ermənistan” yaratmaq xülyası ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasəti nəticəsində minlərlə insan elindən-obasından didərgin düşüb, Azərbaycanın əzəli-tarixi torpaqları olan Dağlıq Qarabağ və digər ətraf rayonlar illərdir ki, erməni işğalından əziyyət çəkir.
31 mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün hər il hökümət səviyyəsində bir sıra tədbirlər həyata keçirilir. Milli Məclisin dünya parlamentlərinə müraciətində soyqırımı aktının real mahiyyəti, onun soyqırım kimi tanıdılmasını şərtləndirən amillər konkret faktlar əsasında əksini tapır. Ümummilli liderin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev də hər il bu soyqırımlarla bağlı xalqımıza müraciət ünvanlayır, səbr diləyərək dərin hüznlə başsağlığı verir. Azərbaycan xalqı ürəkdən inanır ki, Ölkə Prezidentinin apardığı qətiyyətli siyasət gec-tez üzləşdiyimiz münaqişənin ədalətli həllini təmin edəcəkdir.