Aprel döyüşlərinin ikinci ildönümü ilə əlaqədar Xətai rayonunda silsilə tədbirlər davam edir
Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərinin ikinci ildönümü ilə əlaqədar Xətai rayonunda silsilə tədbirlər davam edir.
Növbəti tədbir rayon İcra Hakimiyyəti və "ASAN"xidmətlə birgə həyata keçirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva qeyd etdi ki, Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində "Böyük Qayıdış" prosesinə start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Aprel döyüşləri Azərbaycan xalqının və Ordusunun tarixi ərazilərimizin işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut etdi.
Çıxış edən Milli Məclisin deputatı YAP Xətai rayon Təşkilatının sədri Hüseynbala Mirələmov diqqətə çatdırdı ki, həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır.
Tədbir müzakirələrlə davam etdirildi.