"Şahinlər" hərbi-idman oyunları üzrə Xətai rayon birinciliyi keçirilib
Xətai rayonunda Heydər Əliyev adına Ali Hərbi məktəbdə "Şahinlər" hərbi-idman oyunları üzrə Xətai rayon birinciliyi keçirilib.
Yarışlarda 37 orta ümumtəhsil məktəbinin 600 şagirdi iştirak edib.
"Şahinlər" hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğının daha da artırılması, həmçinin şagirdlərin hərbi xidmətə hazırlanmasında köməkliyin göstərilməsidir.
Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyəti başcısının müavini Jalə Abdıyeva bildirib ki, Aprel döyüşlərində qazanılan qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi dövlət rəhbərliyinin həyata keçirdiyi uğurlu gənclər siyasətinin tərkib hissəsidir.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər çıxış edənlər də bildirdilər ki, ölkəmizdə sabitlik və inkişafın qarantı olan prezident İlham Əliyevin ətrafında sıx birləşmək hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm də mənəvi vəzifədir.
Daha sonra Xətai rayonu üzrə 37 məktəbin 600 şagirdi arasında keçirilən hərbi-idman yarışlarına start verildi.
Əvvəlcə komandalar təntənəli marşla tribuna önündən keçdilər. Yarışa qatılan 8-10-ci sinif şagirdləri sıra hazırlığı, sanitarların yarışı, mülkü müdafiə, fiziki hazırlıq, çətin maneələrin dəf olunması və digər mərhələlərdə bacarıqlarını nümayiş etdirdilər.
Qələbə qazanan komanda Bakı şəhəri üzrə keçiriləcək "Şahinlər" hərbi-idman oyunlarının final mərhələsində iştirak edəcək.