Xətai rayonunda əhalinin tibbi müayinəsi uğurla davam etdirilir
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən respublikamızın hər yerində olduğu kimi Xətai rayonunda da əhalinin tibbi müayinə tədbirləri davam edir.
Əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı Xətai rayon ərazisində yerləşən bütün tibb mərkəzlərində lazimi şərait yaradılıb. Bu dəfəki aksiya rayonun 7 nömrəli şəhər poliklinikasında uğurla yerinə yetirildi.
Fevral ayının 10-dan başlayan aksiyada bu günə kimə 80 min 636 nəfər müayinədən keçib. 361 nəfər stasionar, 8 min 280 sakin isə ambulator müalicəyə göndərilib.
Aksiyada rayon sakinləri tibbin müxtəlif sahələri üzrə rentgen, ultrasəslə müayinə, stomatoloq, terapiya və digər növ müayinələrdən keçirlər. Əhalinin mütəşəkkil surətdə tibbi müyanidən keçməsi isə işin yüksək səviyyədə təşkilindən xəbər verir.
Aksiyada Xətai Rayon İcra hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva ölkə əhalisinin sağlamlığı eləcə də səhiyyə sisteminin inkişafı istiqamətində atılan mühüm addımlardan, bu sahədə həyata keçirilən irimiqyaslı layihələrdən danışdı. Bildirdi ki, hər yerdə olduğu kimi Xətai rayonunda da səhiyyənin inkişafı, mövcud tibb ocaqlarının müasir standartlara cavab verən səviyyədə təmir olunması, yenidən qurulması məsələlərinə xüsusi önəm verilir.
Poliklinikada həmçinin həkimlərdən ibarət səyyar briqadalar da yaradılıb. Bu briqadalar qrafik əsasında idarə və təşkilatlarda, məktəblərdə müayinələr aparır, həmçinin, yaşlı və hərəkət edə bilməyən insanlara evlərində tibbi xidmət göstərir.
Göstərilən xidmət isə vətəndaşlar tərəfindən minnətdarlıqla qarşılanır.