Türkiyə Respublikasının Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanəddin Kocamaz Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevi təbrik edib
https://azertag.az/xeber/Turkiye_Respublikasinin_Mersin_Boyukseher_Belediyyesinin_sedri_Burhaneddin_Kocamazdan-1155018
Türkiyə Respublikasının Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanəddin Kocamazdan
20.04.2018 [14:58]
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident İlham Əliyev.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.
Bundan sonrakı dövrdə də ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyi inamı ilə dərin ehtiramımı çatdırıram.
Hörmətlə,
Burhanəddin Kocamaz
Türkiyə Respublikasının Mersin Böyükşəhər Bələdiyyəsinin sədri
Qeyd edək ki, Xətai rayonu ilə Türkiyənin Tarsus şəhəri 2007-ci ildə qardaşlaşıb. Bu münasibətlə Tarsus şəhərində Xətai Parkı və ulu öndər Heydər Əliyevin adına körpü tikilərək istifadəyə verilib. 2011-ci il martın 16-20-də Tarsus şəhərində ümummilli lider Heydər Əliyevin adına salınmış körpünün açılış mərasimində Xətai rayonundan nümayəndə heyəti iştirak edib. Mövcud qardaşlıq münasibətlərini daha da möhkəmləndirmək məqsədilə 2012-ci il aprelin 12-dən 15-dək Tarsus şəhər Bələdiyyəsinin sədri Burhanettin Kocamazın rəhbərliyi ilə qardaş Türkiyədən nümayəndə heyəti Xətai rayonunda işgüzar səfərdə olub. Səfər çərçivəsində Tarsus şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan körpünün yaxınlığında yerləşən 2,5 hektar ərazidə Heydər Əliyev adına yeni parkın salınması və burada Ulu Öndərin abidəsinin ucaldılması qərara alınıb.
Parkda tuncdan hazırlanmış, çəkisi 3 tona yaxın olan abidənin hündürlüyü 5 metrdir. Abidənin postamenti qara mərmərdəndir. Parkda, həmiçinin 20 kvadratmetrlik rəngli monitor və uşaq əyləncə elementləri quraşdırılıb. Burada genişmiqyaslı yaşıllaşdırma işləri aparılıb, dekorativ gül kolları əkilib.
Parkın və abidənin açılışı münasibətilə təntənəli mərasim keçirilib.
Mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iştirak ediblər.
Tədbirdə Mersin vilayətinin valisi Özdemir Çabaçak, Mersin Böyükşəhər bələdiyyəsinin sədri Burhanettin Kocamaz, Tarsus bələdiyyəsinin sədri Şövkət Can, Türkiyənin və Azərbaycanın elm və mədəniyyət xadimləri, KİV təmsilçiləri, QHT rəhbərləri, tələbələr, qardaş ölkə ictimaiyyətinin görkəmli nümayəndələrivə digər tanınmış şəxslər də iştirak ediblər.