Xətai rayonunda 2018-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilmişdir
Xətai rayonunda 2018-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov hesabat məruzəsinə başlamazdan əvvəl, aprelin 11-də ölkədə keçirilən Prezident seçkilərində xalqın vahid lideri İlham Əliyevin qazandığı möhtəşəm qələbə münasibətilə yığıncaq iştirakçılarını təbrik etdi.
Geniş məruzə ilə çıxış edən natiq bildirdi ki, Prezident İlham Əliyevin Azərbaycanın milli mənafeyinə və sosial rifahına xidmət edən inkişaf və tərəqqi strategiyası 2018-ci ilin birinci rübündə də uğurla həyata keçirilmiş, ölkənin dinamik inkişaf tempi qorunub saxlanmış və bir çox nailiyyətlər əldə edilmişdir. Nazirlər Kabinetinin bu il aprelin 9-da keçirilən geniş iclasında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan bu müddət ərzində uğurla inkişaf etmişdir, qarşımızda duran bütün vəzifələr artıqlaması ilə yerinə yetirilir, ölkəmiz güclənir, hərtərəfli inkişaf edir”.
Razim Məmmədov bu uğurların fonunda cari ilin birinci rübündə Xətai rayonunda görülən işləri geniş təhlil edərək bildirmişdir ki, rayonda da sosial-iqtisadi göstəricilər yüksək olmuşdur. Ötən 3 ayda rayonun sosial-iqtisadi inkişafını əks etdirən makroiqtisadi göstəricilər təhlil edilərkən müəyyən olunmuşdur ki, istehsalın və xidmət sahələrinin dinamik inkişafına mütənasib olaraq rayonda bir çox sahələrdə qarşıya qoyulmuş vəzifələr uğurla həll edilmişdir. İlin əvvəlindən rayonda 403 milyon 681min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye istehsalının 8,2 faizi məhsul istehsalının , 91,8 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüşdür.
İqtisadi artım əhalinin əmək haqqı gəlirlərində də özünü aydın şəkildə göstərmişdir. Hazırda rayonun iqtisadi və sosial sahələrində muzdlu işləyənlərin orta aylıq əmək haqqı 748,3 manat, sənaye müəssisələrində çalışanların orta aylıq əmək haqqı isə 6,7 faiz artaraq 739 manat olmuşdur. Bu artım sayəsində hesabat dövründə pərakəndə ticarət şəbəkələrində əhaliyə 681 milyon 998 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2, 1 faiz çox əmtəə satılmışdır.
İcra başçısı vurğuladı ki, iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 132 milyon 88 min manat, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə isə 131 milyon 386 min manatlıq vəsait yönəldilmişdir. Tikinti-quraşdırma təşkilatlarının daxili imkanlar hesabına yerinə yetirdikləri podrat işlərinin həcmi isə 184 milyon 208 min manata çatmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
Hesabatda qeyd edildi ki, sektorun müəssisələrində rüb ərzində 681 milyon 998 min manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz çox istehlak malları satılmışdır. Dövlət başçısının tapşırığı ilə daim gündəlikdə olan yeni iş yerlərinin yaradılması üçün müvafiq tədbirlər görülmüş, rayonun müəssisə və təşkilatlarında 2108 yeni iş yeri açılmışdır.
Razim Məmmədov vurğuladı ki, hazırda rayon ərazisində 9 ünvanda “Pilot layihə” üzrə tikinti işləri həyata keçirilir. Bir sıra tikinti şirkətləri ilə sakinlər arasında müqavilələr bağlanır, əhali müvəqqəti olaraq kirayə mənzillərə köçürülür, mövcud binalar sökülür. 4 ünvanda isə bu işlərin gerçəkləşməsi üçün sənədləşdirmə mərhələsi başa çatmaq üzrədir. Tikinti şirkətləri ilə bağlanmış müqavilələrə əsasən sakinlər sökülmüş mənzillərin müqabilində yeni binalarda orta hesabla 20-30 faiz əlavə sahə əldə etməklə tam təmirli mənzillərlə təmin olunacaqlar. Dövlət başçısının tapşırığı ilə həyata keçirilən bu işlər əhalinin böyük razılığı ilə qarşılanır.
Razim Məmmədov çıxışında həmçinin dövlət başçısının tapşırığı ilə rayon əhalisinin tibbi müayinədən keçirilməsi, vətəndaşların qaz, elektrik enrjisi, su, istilik sistemi ilə təmin olunmasından, sovet döründə tikilmiş çoxmərtəbəli binalarda liftlərin müasir rahat liftlərlə əvəz olunmasından, qəsəbədaxili yolların və küçələrin asfaltlaşdırılmasından, su və kanalizasiya sistemlərinin yenilənməsindən, təhsil, səhiyyə müəssisələrində işin günün tələbləri səviyyəsində qurulması üçün görülən tədbirlərdən ətraflı bəhs etdi.
Natiq xüsusi qeyd etdi ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəzalı tikililərdə məskunlaşmış məcburi köçkünlərin köçürülməsi Xətai rayonunda da davam etdirilir. Hesabat dövründə müvafiq strukturlar tərəfindən Gəncə prospekti 20 ünvanında qəzalı vəziyyətdə olan yarımçıq tikilidə və onun ərazisində yerləşən özbaşına tikililərdə məskunlaşmış 118 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülmüşdür.
Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov isə çıxışında aprelin 11-də keçirilən Prezident seçkilərində xalqın, xüsusilə Xətai rayon sakinlərinin nümayiş etdirdiyi fəallığı, bu kampaniyanın tam şəffaf və demokratik şəkildə keçirilməsini xüsusi vurğuladı. Natiq bildirdi ki, bütün xalqımız kimi Xətai rayonunun sakinləri də ümummilli lider Heydər Əliyev strategiyasını uğurla həyata keçirən, müstəqilliyimizin əbədiləşməsi üçün müstsna xidmətlər göstərən, millətimizin və xalqımızın rifahı, əminamanlığı və xoşbəxt gələcəyi naminə yorulmadan fəaliyyət göstərən Prezident İlham Əliyevə səs verdi. Bu onu göstərir ki, biz elə bu gündən başlayaraq Azərbaycanının vahid lideri Prezident İlham Əliyevin andiçmə mərasimində söylədiyi nitqində, təkcə 2018-ci il üçün deyil, növbəti onilliklər üçün qarşıya qoyduğu vəzifələri, irəli sürdüyü layihələri daha böyük qüvvə və məsuliyyətlə yerinə yetirməyə başlayacağıq.
Hesabat məruzəsi ətrafında edilən çıxışlarda bu ilin üç ayında rayonda görülən işlərə münasibət bildirildi və icra hakimiyyəti başçısının hesabatı qənaətbəxş qiymətləndirildi.
Yığıncağa yekun vuran icra başçısı Razim Məmmədov bütün qüvvələrin qarşıda duran vəzifələrin həyata keçirilməsinə səfərbər edilməsi üçün rayonun müvafiq idarə və müəssisə rəhbərlərinə tapşırıq və tövsiyələrini verdi.