Mərkəzi Neftçilər Xəstəxanasında Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunan konfrans keçirilib
Xətai rayon icra hakimiyyəti və Mərkəzi Neftçilər Xəstəxanasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunan konfrans keçirilib.
Tədbirdə Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Hikmət Həsənov bildirib ki, Azərbaycanın əməkdar elm xadimi, Averbax adına mükafata layiq görülən ilk qadın, akademik Zərifə xanım Əliyeva nüfuzlu tibb tədqiqatçıları tərəfindən dünya səviyyəli alim kimi qəbul edilib. Neçə-neçə insanın gözlərinə nur gətirən Zərifə xanım öz sahəsi üzrə dünya elminə yenicə məlum olan bilikləri tez bir zamanda mənimsəyərək onun nəticələrini operativ surətdə tətbiq edirdi. O, sözün həqiqi mənasında, peşəsinin vurğunu idi.
Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva Zərifə xanımın görkəmli alim, mehriban insan, gözəl ana, vəfalı ömür-gün yoldaşı, bir sözlə, bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən bir insan olduğunu bildirib.
Digər çıxış edənlər də Zərifə xanımın Azərbaycan oftalmologiya elminin inkişafına verdiyi töhfələrdən, apardığı tədqiqatların əhəmiyyətindən danışıblar.
Sonda ailmin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.