Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai Rayon İcra Hakimiyyətində Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir

27 aprel 2018 | 11:00

 
Xətai Rayon İcra Hakimiyyətində Azərbaycanın görkəmli ictimai xadimi, oftalmoloq-alim  akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci illik yubileyi  münasibətilə təntənəli mərasim keçirilmişdir.
İcra hakimiyyətinin başçısı Razim Məmmədov  yubiley tədbirini açaraq bildirib ki, XX əsr Azərbaycan tarixinin, ictimai həyatının tanınmış simalarından olan Zərifə xanım Əliyeva gözəl ana, vəfalı ömür-gün yoldaşı, yüksək intellektual keyfiyyətləri özündə birləşdirən həqiqi ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim idi. Onun həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca gözlərimiz önündə  ulu tanrının verdiyi yüksək mənəvi xüsusiyyətləri özündə birləşdirən əsl insan obrazı canlanır.
Razim Məmmədov qeyd edib ki, Zərifə xanım xarakteri, çalışqanlığı, yorulmaz fəaliyyəti, ağlı, iradəsi və xeyirxahlığı ilə milyonlarla insanın qəlbində özünün canlı heykəlini ucaltmışdır. Zərifə Əliyeva həm müasirimiz olan, həyatda yaşamış real bir şəxsiyyət, həm də sabahın, gələcəyin mükəmməl ədəbi-bədii obrazına çevrilmiş unikal bir şəxsiyyətdir. Biz bu obrazın ən gözəl və mükəmməl şəkildə tərənnümünü tanınmış yazıçı-dramaturq, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun “Görkəmli adamların həyatı” seriyasından olan “Zərifə Əliyeva” kitabının bu günlərdə çapdan çıxmış yeni nəşrində daha müfəssəl şəkildə görürük.
Razim Məmmədov yubiley mərasiminin hər bir iştirakçısına hədiyyə edilən kitabın əhəmiyyətindən danışaraq bildirdi ki, yazıçı bu kitabda Zərifə xanımı böyük gələcəyə nümunə ola biləcək qadın- müqəddəs sevgi ilahəsi, qıdın- sədaqətli həyat yoldaşı, qadın-ana, qadın böyük elm xadimi, qadın ictimai siyasi xadim və  qadın xeyirxahlıq mücəssiməsi, bütün zamanlar üçün əbədi abidə kimi vəsf etmişdir.
Sonra rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdiyeva  Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında  geniş məruzə ilə çıxış edərək bildirdi ki, bu fədakar insan bütün başqa xidmətləri ilə bərabər, Azərbaycan tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə də dünyada böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.
Yubiley tədbirində  Hüseynbala Mirələmovun görkəmli akademikin həyat və fəaliyyətindən bəhs edən “Zərifə Əliyeva” kitabının yeni nəşri haqqında da geniş söhbət açıldı. Qeyd edildi ki, əsərdə bəşəri duyğularla  yaşayıb fəaliyyət göstərən, sözün əsl mənasında, insanlara böyük sevgisi olan oftalmoloq-alim Zərifə Əziz qızının nəcib əməlləri, saf duyğuları,  ailə ənənələrinə sədaqəti elə tutarlı faktlar, hadisələrlə qələmə alınmışdır ki, bəzən həyatda belə bir insanın nə vaxtsa yaşamasına heyrət edir və belə qənaətə gəlirsən ki, yalnız insanlara, xalqına, Vətəninə, ailəsinə məhəbbəti sonsuz olan bir insan belə ömür yaşaya bilərdi.
Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri, yazışı-dramaturq Hüseynbala Mirələmov mərasimdə çıxış edərək bildirdi ki, bu mələk simalı övladın, qadının, həyat yoldaşının, həkimin və nəhayət, ananın həyatını öyrəndikcə, qeyri-iradi zamanın axınına, millətin belə bir insanı bu zamanın axarında itirməsinə təəssüflənməyə bilmirsən.
Yazıçı-dramaturq vurğuladı ki, Zərifə xanım  Azərbaycana  ləyaqətli, dəyanətli və istedadlı övladlar bəxş etmiş əzəmətli ANA simvoluna çevrilmiş bir şəxsiyyətdir. Bu ananın taleyinə təkcə ulu öndərin silahdaşı, sədaqətli ömür-gün yoldaşı olmaq yox, həm də bu gün Azərbaycanın müstəqilliyini şərəflə və dəyanətlə qoruyan, inkişaf etdirən Prezident İlham Əliyev kimi bir oğul tərbiyə etmək düşmüşdür. Elə bütün bunlara görə Zərifə xanım, həyatdan tez getsə də xoşbəxt tale yaşamış bir insan kimi əbədiyaşarlıq qazanmış nurlu bir insandır. 
Yubiley tədbirinin sonunda Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən qısametrajlı sənədli film nümayiş etdirildi.

Keçidlər