Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar 191 nömrəli tam orta məktəbdə tədbir keçirilmişdir
21 may 2018-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar rayon ərazisində yerləşən 191 nömrəli tam orta məktəbdə tədbir keçirilmişdir.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehriban Mustafayeva çıxışında qeyd etdi ki, 28 may 1918-ci ildə təməli qoyulmuş, müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası İstiqlaliyyət bəyannaməsi - ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik cümhuriyyəti yarandığını elan edib. Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərib.Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti 2 yaşına dolmadan bolşeviklərin işğalına məruz qalıb və devrilib. Buna baxmayaraq istiqlal ideyası yenilməyib və 1991- ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan edib.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyəti Başçısının müavini Jalə Abdıyeva çıxışında bildirmişdir ki, xalqımız 28 May Respublika gününü hər il təntənə ilə qeyd edir. Təsadüfi deyil ki, ölkə başçısı, cənab İlham Əliyev 16 may 2017-ci il tarixdə imzaladığı Sərəncamla Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsini qərara almış və bu sərəncama əsasən 2018-ci il Cümhuriyyət ili elan olunmuşdur.
Eləcə də çıxışında qeyd etdi ki, dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Əsl müstəqillik Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olanda dövlətçiliyimizin atributu olan himn, üçrəngli bayraq və gerbimizi bərpa etməsi ilə başladı.
J.Abdıyeva çıxışını Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyevin müdrik sözləri ilə yekunlaşdırdı:
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.”
Tədbir çərçivəsində məktəbin şagirdlərinin ifalarında musiqilər səsləndirildi, rəqs nömrələri nümayiş etdirildi.