Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai Rayon İcra Hakimiyyətində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə geniş toplantı keçirilib

25 may 2018 | 11:00

Rayonun idarə və müəssisə rəhbərlərinin, rayon ictimaiyyətinin, Yeni Azərbaycan Partiyası üzvlərinin iştirakı ilə keçən tədbiri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov açaraq Azərbaycan Xalq Cümhuriyyətinin (AXC)  milli dövlətçilik tariximizdəki rolundan və əhəmiyyətindən danışdı. Qeyd edildi ki, AXC ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır.
Natiq bu tarixi hadisənin əhəmiyyətindən danışarkən 2018-ci ilin ölkəmizdə  “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı məlum sərəncamındakı aşağadakı fikrə diqqət çəkdi: “Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır”.
Həqiqətən, dünyanın nəzərində həmişə tarixi proseslərdən geridə qalmış Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış AXC istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini bütün dünyaya nümayiş etdirmişdir. Mürəkkəb siyasi vəziyyətə, dövlət quruculuğundakı çətinliklərə baxmayaraq, AXC dövlət sisteminin formalaşdırılması sahəsində mühüm addımlar atmış, əhəmiyyətli qərarlar qəbul etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti  yaşadığı 23 ayda öz üzərinə götürdüyü çox çətin və mürəkkəb tarixi vəzifələri şərəflə yerinə yetirmiş, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan müstəsna işlər görmüşdür.
Toplantıda çıxış edən Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri, yazıçı-dramaturq Hüseynbala Mirələmov vurğuladı ki, yüz ildir istiqlal və azadlığımız yol gəlir. Şərəfli, ziddiyyətli, keşməkeşli, ibrət dərsləri ilə zəngin olan tarixi bir yol. Doğrudur, Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 ay yaşadıqdan sonra  qırmızı imperiyanın işğalçılıq siyasəti nəticəsində süqut etdi. Lakin onun milli düşüncəyə yeritdiyi  istiqlal və azadlıq ideyalarını xalqımız  70 il - XX əsrin son onilliyinə qədər öz qəlbində daşıdı. Və elə ilk fürsətdə yenidən istiqlal mücadiləsinə qalxaraq öz müstəqilliyinə və azadlığına qovuşdu.
Ulu öndər AXC-nin xalqımızın tarixindəki misilsiz rolundan danışarkən demişdir: “AXC gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaq. Ən əsası odur ki, AXC az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”.
Natiq qeyd etdi ki, müstəqillik və azadlıq ideyalarını düşüncəsində və qəlbində yaşadan xalqımızın böyük tarixi simalarından biri məhz ümummilli lider Heydər Əliyev olmuşdur. XX əsrin 60-80-ci illərində Azərbaycan imperiya caynağında yaşasa da, məhz ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində ölkəmiz parlaq mədəni yüksəliş mərhələsi yaşayaraq, sözün əsl mənasında milli müstəqilliyə hazırlanmışdır. Nəhayət, bu işlər nəticəsiz qalmamış və 1991-ci ildə azadlıq mücadiləsinə qalxan xalqımız Azərbaycan Respublikasının dövlət  müstəqilliyinin bərpasına nail olmuşdur.
Toplantıda çıxış edən digər natiqlər qeyd etdilər ki, xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Cümhuriyyət ənənələrinə sadiq qalaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Bu quruculuq mərhələsi də asan başa gəlmədi və çox ciddi sınaqlardan keçdi. Lakin AXC-dən fərqli olaraq  Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil  Azərbaycan mürəkkəb vəziyyətə, xarici təhdid və təziyqlərə qalib gələrək, öz müstəqilliyini, suverenliyini qorumağı bacardı, dövlətçiliyin möhkəmləndirilməsi üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi.
Həmçinin qeyd edildi ki, hazırda ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilir. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar dönmədən həyata keçirilir, ölkə iqtisadiyyatı sürətlə inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün ardıcıl addımlar atılır. Bütün bunlar Azərbaycanın getdikcə daha da qüdrətli dövlətə çevirilməsinə və beləliklə Xalq Cumhuriyyətinin arzusunda olduğu  müstəqilliyimizin, azadlığımızın əbədiyyətə qovuşmasına  xidmət edir.
Tədbirin sonunda iştirakçılar müstəqillik tariximizin Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlı sənədli filmə tamaşa etdilər.

Keçidlər