Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Uşaqların Beynəlxalq Müdafiə Günü təntənə ilə qeyd olundu

31 may 2018 | 11:00

Bayram şənliyində rayonun məktəbəqədər uşaq müəssisələrindən, uşaq evlərindən və orta ümumtəhsil məktəblərinin ibtidai siniflərindən 300-ə yaxın üşaq iştirak edirdi. Parka toplaşan yaşlı nəslin nümayəndələri, Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları, nənələr, babalar, analar və atalar, bir sözlə hamının nəzərləri bir-birindən yaraşıqlı geyinmiş, çöhrələrindən sevinc yağan bu gül balaların üstündə idi.
Xətai Rayon İcra Hakimiyyəti  başçısının müavini Jalə Abdıyeva tədbirin rəsmi hissəsinin açılışında bu günün əhəmiyyətindən danışaraq bildirdi ki, 1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Azərbaycanda uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Jalə Abdiyeva son illər uşaqların təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edərək bildirdi ki,  Prezident İlham Əliyev və  Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uşaqların problemlərinə böyük diqqətlə yanaşırlar. Böyük fərəhlə demək olar ki, son 15 ildə Azərbaycanda uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində çox  önəmli layihələr həyata keçirilir.
Çıxışda vurğulandı ki, Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyev milli genefondumuzun sağlam böyüyüb formalaşmasını öz fəaliyyətinin əsas prioritetlərindən hesab edir. Ona görə də milli mənəvi dəyərlərimizə əsaslanan dövlət uşaq siyasəti çərçivəsində, cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyə xidmətinin səviyyəsinin qaldırılması, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli, yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması və bir çox digər sahələrdə dövlət proqramları qəbul edilmişdir. Son illər ölkədə, o cümlədən Xətai rayonunda tikilən yüzlərlə yeni bağça, orta ümumtəhsil məktəbi, xəstəxana və poliklinika bu proqramların uğurla reallaşdırıldığının əyanı göstəricisidir.  
Jalə Abdıyeva vurğuladı ki, gələcəyi qorumadan keçmişi yaşatmaq olmaz. Gələcək isə bizim balalarımız, gənclərimizdir. Məhz buna görə Azərbaycan dövlətinin başçısı İlham Əliyev uşaqların sülh və sabitlik şəraitində, sosial rifah içində, sağlam və qayğısız, milli ruhda, vətənpərvər kimi böyüməsi üçün səylə çalışır.
Çıxışdan sonra bayrama “ev sahibliyi” uşaqlara keçdi. Söz musiqiyə və rəqslərə verildi.  Müxtəlif məktəblərin kiçik yaşlı şagirdləri öz musiqi istedadlarını nümayiş etdirdilər. Tamaşaçı qismində iştirak edənlər isə parkdakı kafenin qarşısında açılmış, müxtəlif şirniyyat, meyvə və şirələrlə bəzədilmiş bayram süfrəsində oturub konsert proqramını maraqla seyr edirdilər.
Bayram şənliyi axşam düşənə qədər davam etdi.

Keçidlər