Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 15 iyun Milli Qurtuluş gününə həsr edilmiş bayram tədbiri keçirildi

13 iyun 2018 | 11:00

Xətai rayonundakı Heydər Parkında 25 il əvvəl Azərbaycan tarixinin yaddaşına əbədi yazılmış  15 iyun Milli Qurtuluş gününə həsr edilmiş bayram tədbiri  keçirildi.
Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi, YAP Xətai rayon təşkilatının kollektivi, qonaqlar və ictimaiyyət nümayəndələri  əvvəlcə müstəqil Azərbaycanın memarı və qurucusu,  dövlətçiliyimizin xilaskarı ulu öndər Heydər Əliyevin parkda ucaldılmış abidəsini böyük ehtiramla ziyarət edib önünə tər çiçək dəstələri qoydular.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, bu gün sözün əsl mənasında Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və xalqımızın uzun əsrlər həsrətində olduğu azadlığın xilas gününün bayramıdır.
   Natiq qeyd etdi ki, Heydər Əliyevin tarixi şəxsiyyət kimi böyüklüyü, XX əsrin sonu və XXI əsrin əvvəllərində ictimai siyasi həyatın bir çox sahələrində özünü göstərdi. Ulu öndərin tarixin çox mürəkkəb, dramatik və məsul bir dövründə xalqın əsrlərdən gələn azadlıq və istiqlal arzularını gerçəkləşdirərək, müstəqil və suveren Azərbaycan Respublikasını qurması onun dövlətçilik fəaliyyətini daha parlaq şəkildə nümayiş etdirdi.
Heydər Əliyevə iqtisadiyyatı dağılmış, Ermənistanla Dağlıq Qarabağ savaşında məğlub duruma düşmüş, minlərlə qaçqının çöllərə səpələndiyi, anarxiya və separatizmin meydan suladığı, vətəndaş müharibəsi həddində olan bir dövlət miras qalmışdı. Bütün bu problemlərlə bərabər  SSRİ-nin xarabalıqlarında ən qiymətli ərazi kimi Azərbaycana sahib olmaq istəyən bir çox xarici ölkələr də müxtəlif vasitələrlə bu böhranı dərinləşdirməkdə, necə deyərlər, “bulanıq suda balıq tutmaq” arzusunda idilər. Lakin böyük siyasət ustası, tanınmış dövlət xadimi Heydər Əliyev bütün varlığı ilə xalqının, canı qədər sevdiyi Azərbaycanın müstəqillik taleyini qorumağa, dövlətçiliyi xilas etmək missiyasına başladı və az bir zamanda ölkəsini əbədi müstəqillik yoluna çıxardı.
Milli Məclisin üzvü, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov da 1993-cü ildə baş vermiş hadisələrin təfərrüatını xatırladaraq bildirdi ki, bir anlıq o böyük dühanın qayıdışını düşüncəmizdən kənara qoysaq, xəyalımızda ağıla gəlməyən, fəlakət dənizində batmaqda olan bir Azərbaycan görmüş olarıq. Gərgin, əzablı, qan-qadalı günlərin uzanması, Azərbaycanın təslimə yol getdiyi 1993-cü ildə xalqda müstəqilliyi itirmək xofu yarananda böyük siyasət ustasına, xalqın əksər hissəsinin xilaskar kimi gördüyü millət atasına üz tutdular.
Bayram tədbirində çıxış edən digər natiqlər də15 iyun Milli Qurtuluş gününün Azərbaycan tarixindəki yeri və əhəmiyyəti haqqında geniş söhbət açaraq bildirdilər ki, bu gün müstəqilliyimiz əbədiyyət yolunda qətiyyətlə irəliləməkdədir. 15 ildən artıqdır ki, Heydər Əliyevin siyasi varisi, sədaqətli silahdaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz misilsiz uğurları, dövrün qlobal enerji layihələrini gerçəkləşdirməklə, ölkəsini nəinki regionun, dünyanın söz sahibi olan dövlətlərindən birinə çevirmişdir. Təkcə son aylarda gerçəkləşən Bakı-Tbilisi-Qars dəmir yolunu, Cənub Qaz Dəhlizini, TANAP layihəsini göstərmək kifayətdir ki, 1993-cü ildə səsi heç yerdə eşidilməyən Azərbaycanın 2018-ci ildə beynəlxalq enerji layihələrində əsas söz sahibi olduğu təsdiqini tapsın. 
Tədbirin sonunda rayon incəsənət kollektivlərinin iştirakı ilə möhtəşəm bayram konserti verildi.


 

Keçidlər