Xətai rayonunda fəaliyyət göstərən təhsil ocaqlarında son zəng həyacanı yaşandı
14.06.2018-ci il tarixdə Xətai rayonunda fəaliyyət göstərən bütün təhsil ocaqlarında son zəng həyacanı yaşanıb. Rayon İcra Hakimiyyətinin nümayəndələri son zəng tədbirlərində məzunların sevinc və həyacanlarını bölüşüb, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.
Rayondakı Heydər Əliyev adına liseydə keçirilən tədbirdə əvvəlcə 11-ci və birinci sinif şagirdləri məktəbin həyətinə daxil olublar. Məzunları təbrik edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva son illər təhsil sahəsində əldə olunan uğurlardan danışıb. Qeyd olunub ki, təhsil müstəqil Azərbaycanın gələcək inkişafının təminatına zəmanət verən prioritet sahələrdən biri olmaqla yanaşı, həm də sosial-mədəni həyatımızın zənginləşməsinə çox mühüm töhfələr verir. Məhz buna görə ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dönəmlərdə Azərbaycanda təhsilin bütün pillələlərdə inkişafına xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Bu strateji xətt ulu öndərin varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və çağırışlarına cavab olaraq yeni keyfiyyətdə daha böyük uğurla davam etdirilir. Son onillikdə strateji sahə olan təhsilin inkişafındakı uğurların əldə edilməsində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da misilsiz xidmətləri olduğunu qeyd edən Jalə Abdıyeva bildirib ki, bu illər ərzində görülən işlər Xətai rayonunda da təhsil sahəsində böyük uğurlar qazanmağa imkan vermişdir.
Rayonun digər təhsil ocaqlarında da çıxış edən müəllimlər, valideynlər həyata vəsiqə alan məzunlara uğur arzulamaqla yanaşı, müstəqil Azərbaycanın çiçəklənməsində onların üzərinə böyük vəzifələr düşdüyünü də vurğulayıblar.
Məzunlar isə “Son zəng”i həyatlarında yeni başlanan həyata çağırış kimi dəyərləndiriblər. Sonda son zəng çalınıb və 11-cilər öz sıralarını 1-cilərə təhvil veriblər.
Tədbirlər məktəblilərin ifasında ədəbi- bədii kompazisiyalarla davam etdirilib.