Xətai rayonunda 23 iyun-Dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirildi
Xətai rayon icra hakimiyyətində 23 iyun-Dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirildi.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov “Dövlət qulluğu günü”nün yaranması və onun Azərbaycanda rəsmi bayram kimi qeyd edilməsi tarixi haqqında məlumat verərək bildirdi ki, BMT Baş Assambleyasının 20 dekabr 2002-ci il tarixli qətnaməsinə əsasən təsis edilmiş bu bayram dünyada ilk dəfə 2003-cü ildə qeyd edilmişdir. Həmin qətnamədə BMT-yə üzvü olan dövlətlərə, ölkələrin inkişafında dövlət qulluğunun əhəmiyyətini daha yaxşı işıqlandırmaq və təbliğ etmək məqsədilə xüsusi gün təsis etmələri tövsiyə olunmuşdur. BMT Baş Assambleyasının tövsiyəsini nəzərə alan ölkəmizin Prezidenti İlham Əliyev 25 may 2006-cı il tarixli sərəncamı ilə hər il 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan etmişdir.
Razim Məmmədov Azərbaycanda dövlət qulluğunun formalaşmasından danışaraq qeyd etdi ki, ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra, bir çox sahələrdə, o cümlədən dövlət qulluğu sahəsində islahatların aparılmasına zərurət yaransa da ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər bu sahədə elə bir ciddi iş görülməmişdi. Ulu öndər ölkəyə rəhbərliyə başlayandan sonra, 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi və ölkə vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ və dövlət orqanlarında qulluq etmək imkanına malik olması təsbit edildi. “Dövlət qulluğu” anlayışının özü də ilk dəfə Azərbaycan müstəqillik əldə etdikdən sonra Konstitusiyada əksini tapdı.
Razim Məmmədov bildirdi ki, bu günün təsis edilməsi dövlət başçısının bizim Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi prinsiplərə uyğun idarə edilməsindəki rolumuza verdiyi yüksək qiymətin təzahürüdür. Ulu öndər Heydər Əliyevin Azərbaycanda dövlət qulluğu sahəsində həyata keçirdiyi köklü islahatlardan, müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafından söhbət açan İcra başçısı qeyd etdi ki, ümummilli liderimizin rəhbərliyi altında hazırlanan və 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası milli maraqlarının həllinə qadir və müasir tələblərə cavab verən dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit etdi. 2000-ci ildə qəbul olunmuş “Dövlət qulluğu haqqında” qanunla dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyuldu. Kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirildi. Natiq həçinin qeyd etdi ki, bu gün də ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu istiqamətdə müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun islahatlar uğurla davam etdirir. Məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Çıxışının sonunda natiq qeyd etdi ki, indi ölkəmizdə fəaliyyət göstərən müxtəlif nazirlik, komitə və digər qurumlarda 30 minə yaxın dövlət qulluqçusu çalışır. 10 mindən çox şəxs isə dövlət qulluqçusu kimi pensiya alır.
Tədbirdə həmçinin kollektivdə uzun illər səmərəli fəaliyyəti ilə fərqlənən dövlət qulluqçularına rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanlar təqdim olundu.