Xətai rayonunda “Ailə Akademiyası” layihəsinin açılış tədbiri keçirilib
11.07.2018-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Xətai rayon və Əhmədli bələdiyyələrinin təşkilatçılığı ilə “Ailə Akademiyası” layihəsinin açılış tədbiri keçirilmişdir.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, rayon İcra Hakimiyyəti Başçısının müavini Jalə Abdıyeva, AMEA-nın Fəlsəfə İnstitutunun Müasir siyasətin fəlsəfəsi şöbəsinin müdiri, AMEA-nın Qadınlar şurasının sədri, professor Rəna Mirzəzadə, rayon İcra Hakimiyyəti Başçısı aparatının nümayəndələri, Əhmədli və Xətai rayon Bələdiyyəsi üzvləri, ictimai birlik və təşkilatların, ümumtəhsil müəssisələrinin, səhiyyə ocaqlarının nümayəndələri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti Başçısının müavini Jalə Abdıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva tədbirin mahiyyəti haqqında çıxış edərək bildirdilər ki, müasir dövrdə dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar ailə institutuna nəzərəçarpacaq təsir göstərməkdədir. Bununla əlaqədar dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə “Ailə Akademiyası” layihəsi keçirilir. Tədbirin əsas məqsədinin milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, qadınların cəmiyyətdə fəallığının artırılması, gənclərin hüquqi biliklərinin və müasir cəmiyyətin inkişafında rolununun artırılması olduğunu vurğuladılar.
İkihissəli nəzərdə tutulan tədbirin birinci hissəsində layihənin təqdimatı olmuş, ikinci hissəsində Xətai rayon Bələdiyyəsində gənc qızlarda liderlik keyfiyyətlərinin formalaşması, ailə münasibətlərinin formalaşması, ailə tərbiyəsinin uşağın şəxsiyyət kimi inkişafında rolu, gənclərin, xüsusilə gənc qızların hüquq və vəzifələri, yaşlı nəsil ilə gənc nəslin dialoqu kimi mövzular aidiyyəti ekspertlərin iştirakı ilə müzakirə olunmuşdur.