Xətai rayon Xətai bələdiyyəsi və Xətai rayon 265 nömrəli tam orta məktəb respublika müsabiqəsində qalib oldular
19 iyul 2018-ci il tarixdə Bakı Biznes Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyevin iştirakı ilə "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)" Respublika müsabiqəsinin qaliblərinin təltif olunmasına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan S.Möhbalıyev tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, bugünkü görüş əməyin mühafizəsi və sağlamlığı üzrə istehsalatda profilaktika mədəniyyəti sahəsində ən yaxşı göstərici əldə etmiş qaliblərə həsr olunur. Son illər ərzində AHİK-in təşəbbüsü ilə bir sıra tematik baxışlar, 2009-cu ildən başlayaraq hər il "Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)" adı uğrunda müsabiqə keçirilir. Ötən dövr ərzində bu tədbirə 9328 müəssisə və təşkilat qatılmış, onlardan 297-si bu yüksək ada layiq görülərək fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini İdris İsayev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, BƏT-in Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev də çıxış etmişdir.
Tədbirin sonunda "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)" respublika müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunmuşdur. Mükafatlandırılan təşkilatların sırasında Xətai rayon Xətai bələdiyyəsi və Xətai rayon 265 nömrəli tam orta məktəb də var.