Rayon İcra Hakimiyyətində müşavirə keçirildi
Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Xətai Rayon İcra Hakimiyyətində rayonda fəaliyyət göstərən ictimai iaşə obyektləri, restoran, kafe, şadlıq sarayları tərəfindən atmosferi tullantılarla çirkləndirmə, yerləşdikləri ərazilərdə, xüsusilə sakinlərin kütləvi istarahət yerlərində ətraf mühitə ziyan vurmaları və vətəndaşların haqlı narazılıqlarına səbəb olan amillərə yol vermələri hallarının sayının artması ilə bağlı geniş müşavirə keçirilib.
Müşavirədə qeyd olunub ki, ictimai iaşə obyektləri, restoran, kafe, şadlıq sarayları tərəfindən atmosferə tüstü buraxmaqla çirkləndirilir, həmçinin obyektlərin yerləşdiyi ərazilərdə ətraf mühitə ziyan vurulur, bəzi yerlərdə yaşıllıqlar məhv edilir, ağacların kəsilməsinə və ya qurumasına yol verilir. Obyektlərin yerləşdikləri ərazilərdə, xüsusən şənbə və bazar günlərində qoxu ilə müşayiət olunan tüstü yayılır ki, bu da insanlarda diskomfort yaradır, vətəndaşlar tərəfindən çoxsaylı şikayət və narazılıqların daxil olmasına səbəb olur. Bu obyektlərin fəaiyyətləri və insanların rahatlıqları arasında ziddiyətləri aradan qaldırmaq üçün həmin müəssisələrdə müvafiq təmizləyici cihazlar quraşdırılması təklif edilib.
Yaxın vaxtlardan etibarən Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə reydlərə başlanacaq, sakinlərin rahatlığını pozan, narahatçılıq yaradan iaşə obyektləri və sadlıq sarayları ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəkdir.