Xətai rayonunda 20 yanvar faciəsinin 24-cü ildönümü qeyd olundu
17.01.2014-cü il tarixdə YAP-nın Xətai rayon təşkilatının binasında müstəqillik tariximizə şərəfli bir gün kimi yazılan 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar şəhid ailələri və əlillərlə görüş keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək bildirdi ki, həmin gün xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kuliminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil olub, bu faciəyə siyasi-hüquqi qiyməti isə yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra vermək mümkün olub.
YAP-nın Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov isə əlavə etdi ki, tariximizin qəhrəmanlıq səhifəsi olan 20 yanvar gecəsi dünya ictimaiyyəti xalqımızın qəhrəmanlığının, azadlıq uğrunda mübarizliyinin və sarsılmazlığının şahidi oldu.
Tədbirdə qeyd olundu ki, hazırda rayon ərazisində 10 şəhid ailəsi 20 əlil yaşayır. Onların dövlət qayğısı ilə əhatə olunması daim diqqətdə saxlanılır, ehtiyaclarının ödənilməsi, sosial problemlərinin həlli ilə bağlı konkret tədbirlər həyata keçirilir. Çıxış edən şəhid ailələrinin üzvləri onu da qeyd etdilər ki, 20 Yanvar günü Azərbaycan tarixində sadəcə faciə kimi yadda qalmayıb, həmçinin ölkəmizin müstəqilliyi uğrunda mübarizədə xalqımızın mübarizlik əzmini daha da möhkəmləndirib.
Tədbirin sonunda rayon ərazisində yaşayan şəhid ailələri və əlillərin hər birinə rayon İcra Hakimiyyəti tərəfindən maddi və ərzaq yardımları edildi.