Xətai rayonunda qanunsuz heyvan kəsimi məntəqələri yığışdırılır
Xətai rayonunda qanunsuz heyvan kəsimi məntəqələrinə qarşı reyd keçirilib. Qida təhlükəsizliyi tələblərinə, sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrinin fəaliyyətini dayandırmaq üçün keçirilən reyd Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi və Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə baş tutub.
Reyd zamanı standartlara uyğun olmayan ərazilərdə heyvan kəsən sahibkarlara öz fəaliyyətlərini qanunauyğun həyata keçirmələri ilə bağlı xəbərdarlıq edilib.
Qeyd edək ki, bundan əvvəl heyvan kəsimi ilə məşğul olan sahibkarlara öz işlərini standartlara uyğun qurmaları üçün xəbərdarlıq edilib. Buna imkanı olmayan şəxslərə isə hər bir rayon üçün müəyyən yerlər təklif edilib.
Konkret olaraq, Xətai rayonu üzrə hələlik bir sallaqxana ayrılıb. Orda isə hazırda tamamlanma işləri gedir.