Xətai rayonunda qanunsuz küçə ticarətinə qarşı növbəti reyd keçirildi
Xətai rayonunda rayonun görkəminə xələl gətirən, yol hərəkətinin iştirakçılarına maneə törədən, antisanitariyaya səbəb olan, ümumiyyətlə, sakinlər üçün problemlər yaradan qanunsuz küçə ticarətinə qarşı mübarizənin gücləndirilməsi istiqamətində müvafiq işlər görülür.
Bu məqsədlə rayonun küçə və meydanlarında, səkilərdə, bazarların ətrafında, avtobus dayanacaqlarında, metro stansiyaların giriş və çıxışlarında qanunsuz küçə ticarətinə qarşı ciddi mübarizə tədbirləri həyata keçirilir.
Növbəti belə tədbir rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov və rayon Polis İdarəsinin rəisi Muradəli Babayevin iştirakı ilə rayonun Məhəmməd Hadi küçəsində tikinti materialları satılan mağazaların qarşısında keçirilmişdir. Belə ki, tikinti materiallarını mağazanın qarşısında əhalinin ümumi istifadəsində olan, gediş-gəlişinə mane olacaq şəkildə yığaraq satışı ilə məşgul olan obyekt sahiblərinə ciddi xəbərdarlıq olunmuş, həmin ərazi dərhal boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmışdır.
Belə tədbirlərin təşkil edilməsi qanunsuz küçə ticarətinin ləğv edilməsi işində önəmli əhəmiyyət daşıyacağı şübhəsizdir. Vətəndaşların çoxsaylı müraciətləri, həyata keçirilən tədbirləri dəstəkləməsi də buna sübutdur. Məqsəd bütün tələbat mallarının qanunla icazə verilən yerlərdə satışını təmin etməkdir.