Beynəlxalq Ahıllar günü münasibətilə Xətai rayonunda tədbir keçirilmişdir
Hər yerdə olduğu kimi Xətai rayonunda da ənənəvi olaraq “Beynəlxalq Ahıllar günü” qeyd olunur. Bu məqsədlə rayon İcra Hakimiyyəti başçısının müavinlərinin, şöbə müdirlərinin, Xətai və Əhmədli bələdiyyələrinin sədrlərinin iştirakı və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Məmmədov bildirdi ki, 1 oktyabr- Beynəlxalq Ahıllar günüdür. BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır.
Beynəlxalq Ahıllar günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb. 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun imzalanıb. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur. Xətai rayonunda da 191 nəfər ahıl vətəndaşa dövlət xidməti göstərilir.
Ölkəmizdə pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət mərkəzindədir. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı olaraq islahatlar həyata keçirilir. Həmin islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verir.
Tədbirdə çıxış edən rayon ahılları onlara göstərilən dövlət qayğısından söz açaraq dövlət başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.