Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Şagird həftəsi” layihəsinə start verilmişdir

25 oktyabr 2018 | 11:00

Layihənin əsas məqsədi şagirdlərə özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətləri aşılamaq, onların peşə məsuliyyətini dərk etməsinə köməklik göstərmək, məktəblilərin ixtisas seçimi zamanı geniş məlumat almalarına şərait yaratmaq və praktiki tapşırıqlar vasitəsilə məqsədə gedən yolu müəyyənləşdirmək bacarıqlarına yiyələnməsinə nail olmaqdan ibarətdir.
Xətai rayon 263 nömrəli tam orta məktəbdə həyata keçirilən layihə çərçivəsində tədris nailiyyətləri və bacarıq qabiliyyətləri ilə fərqlənən şagirdlər bir gün ərzində məktəb direktoru, direktor müavinləri, uşaq birliyi rəhbəri, psixoloq, hərbi rəhbər kimi vəzifələrdə fəaliyyət göstərərək, məktəbi idarə ediblər. Tədris ocağında mövcud iş rejimi gözlənilib və rəhbər vəzifələri icra edən şagirdlər vəzifələrini məharətlə yerinə yetirməyə çalışıblar.
Məktəb idarəetməsində iştirak edən VIII, IX, X, XI sinif şagirdləri tədris prosesi, inzibati və digər işlərlə bağlı müvafiq qərarlar qəbul edə, həmçinin yeniliklər həyata keçirə biliblər. Bundan əlavə, şagirdlərə sevdikləri fənni tədris etmələri üçün də şərait yaradılmışdır.
Layihə çərçivəsində həmçinin məktəblilərin Xətai Rayon İcra Hakimiyyətinə səfəri təşkil olunmuşdur. Səfər zamanı şagirdlər dövlət orqanının fəaliyyəti ilə yaxından tanış olublar. Şagirdlərə şəxsi maraq və dəyərlərə uyğun ixtisas seçmək, öz bacarıq və istəklərinə uyğun  peşələr seçmək  barədə tövsiyələr verilmişdir.

Keçidlər