XƏTAİ NÜMAYƏNDƏ HEYƏTİ TÜRKİYƏ CÜMHURİYYƏTİNİN YARADILMASININ 95-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ QARDAŞ ÖLKƏDƏ BAYRAM TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDİB+VİDEO
Türkiyə Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümü ilə bağlı Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanəttin Koçamazın dəvətilə Mersin vilayətində təşkil edilən tədbirlərdə iştirak edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, millət vəkili Hüseynbala Mirələmov, Xətai rayon Xətai Bələdiyyəsinin sədr əvəzi Əliyar Əliyev və Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşı Elvin Süleymanlıdan ibarət nümayəndə heyəti əvvəlcə Tarsusdakı Heydər Əliyev Parkını ziyarət ediblər. Ulu Öndərin parkdakı abidəsi önündə xatirəsi ehtiramla yad edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan park Mersinin Tarsus rayonu ilə Bakının Xətai rayonu arasındakı 2007-ci ildən başlayan sıx əməkdaşlıq əlaqələri nəticəsində yaradılıb.
Mersin valiliyində baş tutan görüşdə Azərbaycan-Türkiyə, Mersin, Tarsus- Xətai qardaşlıq əlaqələrindən söz açılıb, Mersin valisi Əli İhsan Suya da əlamətdar tarix üçün xüsusi olaraq hazırlanan xatirə hədiyyələri təqdim olunub.
Mersin şəhər bələdiyyəsinin sədri Burhanəddin Kocamazla görüşdə isə Azərbaycanda müxtəlif sahələrdə əldə olunan uğurlar haqqında məlumat verilib, Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyi qeyd olunub. Bildirilib ki, Türk dünyasının liderləri, Ulu Öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları ilə yaddaşlarda qalan bu qardaşlıq əlaqələri indi də dövlət başçılarımız Rəcəb Təyyub Ərdoğan və cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi artıq hər Prezident seçkilərindən sonra prezidentlərin ilk xarici səfərləri bu qardaş ölkələrə etməsi bir ənənə halını alıb. Qeyd olunub ki, sentyabrın 15-də Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Təyyub Ərdoğan Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar Bakıda təşkil edilmiş möhtəşəm paradda iştirak edib, bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanla birgə Türkiyədə möhtəşəm “STAR” Neftayırma zavodunun açılış mərasimində iştirak ediblər, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənovun iştirakı ilə Kayseridə Xocalı parkının və abidəsinin açılışı olub. Bütün bunlar bu qardaşlığın bariz nümunəsidir. Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinə böyük önəm verən Burhanəddin Kocamaz bir müddət əvvəl Çukurova Bələdiyyələr birliyinin nümayəndə heyətilə Azərbaycanda, işğaldan azad edilmiş Cocuq Mərcanlıda, Xətai rayonunda olmasından, önəmli görüşlər keçirmələrindən danışıb. Sonra Burhanəttin Koçamaza Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Türkiyə Cümhuriyyətinin 95 illiyi kimi tarixi hadisələri əks etdirən hədiyyə təqdim olunub.
Sonra nümayəndə heyətinin üzvləri Tarsus Bələdiyyəsinin sədri Şövkət Canla görüşüblər. Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov “qardaşlaşmış şəhərlər” formatı çərçivəsində Tarsusla Xətai rayonu arasındakı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb.
Görüşdə, qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.
Sonra Nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümü münasibəti ilə təşkil edilən möhtəşəm bayram tədbirlərində iştirak ediblər. Yerli folklor qruplarının çıxışları, müxtəlif müəssisələri təmsil edən qrupların keçidi böyük maraqla izlənilib. Bayram tədbirləri çərçivəsində Türkiyədə ən populyar idman növlərindən biri olan yağlı güləş üzrə yarış keçirilib. Yarışın qaliblərinə mükafatlar verilib.
Səfər çərçivəsində Tarsusun, Mersinin tarixi yerləri, muzeyləri ilə tanışlıq olub, yerli Mədəniyyət Sarayında rəsmi qəbul da təşkil edilib.
Xətai nümayəndə heyətinin keçirdiyi bütün görüşlərdə Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin əbədiyyətə qədər davam edəcəyi vurğulanıb.