Xətai rayonunda yeni bir abad həyət sakinlərin ixtiyarına verildi+VİDEO
İDEA İctimai Birliyinin və "Cavan Gənclər Hərəkatı” İctimai Birliyinin birgə təşkilatçılığı və rayon İcra hakimiyyətlərinin dəstəyi ilə təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir. Bu çərçivədə Xətai rayonunda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib.
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan daha bir həyət sakinlərin istifadəsinə verildi. Yenilənən həyət Xətai rayonu Afiyyəddin Cəlilov küçəsi 11, Fəzail Bayramov küçəsi 5, Firuz Qənbərov küçəsi 6 və Serqey Senyuşkin küçəsi 10 ünvanlarda 600 nəfər sakinin yaşadığı 4 ədəd beşmərtəbəli binaları əhatə edib. "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan ümumi sahəsi 6500 kv.m. olan həyətdəki binalarda əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Binaların girişləri əsaslı təmir olunub, giriş qapıları müasir standartalara uyğun olaraq yeni kod tipli qapılarla əvəz olunub. Binaların girişlərindəki sakinlər tərəfindən quraşdırılan qeyri- qanuni tikililər sökülərək girişlər əvvəlki vəziyyətinə gətirilib. Həyətdə səkilərə 680 metr uzunluğunda yeni səki daşları da düzülüb. Köhnə asfalt örtüyü isə yenisi ilə əvəzlənib. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə yeni söhbətgah, idman qurğuları, uşaqlar üçün uşaq əyləncə mərkəzinin quraşdırılması isə görülən işlər sırasındadır. Həyətdə yeni müasir tipli oturacaqlar qoyulmuş, müasir işıqlandırma sistemi və təhlükəsizlik kameraları quraşdirilmışdır. Həyətdə yerləşən xeyir-şər evi əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib.
"Bizim həyət" layihəsi çərçivəsində ağacəkmə aksiyası da keçirildi. Məktəblilərin və paytaxt sakinlərinin iştirak etdiyi aksiyada həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac əkildi, yaşıllıq zolaqları salındı. Sakinlər həyətin abadlaşdırılması və yaradılan belə şəraitə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını ifadə etdilər.
"Bizim həyət" layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Qeyd edək ki, "Bizim həyət" layihəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilib. Xətai rayonunda sakinlərin istifadəsinə verilən həyət layihə çərçivəsində abadlaşdırılan yeddinci həyətdir.