Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” tur-aksiyası iştirakçıları və onların valideynləri ilə görüş keçirildi

13 noyabr 2018 | 11:00

13.11.2018-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətində  “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Lənkəran-Astara-Masallı istiqamətində səfər edəcək  məktəblilər, onların valideynləri və müəllimləri ilə görüş keçirilib. Məktəblilərlə görüşdə  rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, rayon Polis İdarəsinin rəisi Muradəli Babayev, tur-aksiyada iştirak edəcək məktəblilər, onların valideynləri, müəllimləri  iştirak ediblər.
   İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov tur aksiyada iştirak edəcək qrupun rəhbəri kimi səfər hazırlıqları ilə bağlı məlumat verib. Qeyd olunub ki, bu dərs ilinin ilk tətilini rayonun bütün məktəblərini təmsil edən, əla və yaxşı qiymətlərlə oxuyan 9-11-ci sinif şagirdlərindən 40 nəfəri Lənkəran-Astara-Masallı rayonlarında keçirəcəklər. Proqram kifayət qədər zəngindir.
   Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov isə çıxışında qeyd edib ki,  bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə “Ölkəmizi tanıyaq” tur aksiyaları həyata keçirilir. Bu maarifləndirici turist səfərləri həmişə şagirdlərimizin yaddaşında dərin iz buraxır. Uşaqlarımız doğma Azərbaycanımızın dilbər guşələrini gəzir, tarixi yerlərdə olur, regionlarımızın sosial-iqtisadi inkişafı ilə tanış olurlar. Son 4 il ərzində 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 9 tur-aksiya  təşkil olunub. Bu tur-aksiyalarda ümumilikdə 20 min 254 nəfər iştirak edib.  Bu ilin noyabr ayının 14-17 və 18-21 tarixlərində isə 10-cu tur-aksiya həyata keçiriləcək və 4 istiqamət üzrə 76  şəhər və rayondan 3190 nəfər iştirak edəcək. Bununla da, iştirakçıların sayı 23 444 nəfərə çatacaq. Bu şagirdlər arasında rayonumuzun da 282 məktəblisi fəal iştirak ediblər. 40 nəfər də sabah yola düşəcək. Bu gün ölkəmiz dünyanın sürətlə inkişaf edən dövlətləri sırasındadır. Qurucusu Ulu Öndər Heydər Əliyevin olduğu Müstəqil Azərbaycan dövləti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev və birinci vitse – prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən uğurla inkişaf etdirilir. Məhz bu gərgin və uzaqgörən siyasətin nəticəsində ölkəmizin uğurları davam etdirilir, beynəlxalq layihələr həyata keçirilir, ölkəmiz abadlaşır, şəhər və rayonlarımızın siması gündən – günə dəyişir. “Əsrin müqaviləsi” adlanan neft kontraktının vaxtının uzadılması, TAP və TANAP layihələrinin uğurla icra olunması, istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın üçüncü peyki olan “Azərspace-2” peykinin orbitə buraxılması və sair bu kimi beynəlxalq  əhəmiyyətli layihələr bu inkişafın bariz nümunəsidir. Ölkəmizin nüfuzu günbəgün artmaqda davam edir. 2018-ci ilin doqquz ayında Prezidentimiz 12 xarici ölkəyə səfər edib, 15 dövlət və hökumət başçısı Azərbaycanda rəsmi səfərdə olub. Xəzəryanı beş ölkə tərəfindən Azərbaycanın milli maraqlarının əksini tapdığı Xəzər Dənizinin hüquqi statusuna dair Konvensiya qəbul edilib. Cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın, turizmin inkişafına, ekologiyanın qorunmasına diqqəti, hər il ölkə vətəndaşlarının pulsuz tibbi müayinəyə cəlb olunması, şəhid və əlil ailələrinə, qaçqın və məcburi köçkünlərə, aztəminatlı ailələrə, internat və qocalar evlərində yaşayanlara qayğısı danılmazdır. Ən əsası isə odur ki, Ölkəmizdə  ictimai-sabitlik hökm sürür.  Azərbaycan dünyəvi, tolerant, multikultural dövlətdir.  İnsanlarımız arasında dini dözümllülük mövcuddur, hər bir azərbaycan gəncinin intelaktual səviyyəsinin artırılması, yüksək təhsilə malik olması, yararlı vətəndaş kimi yetişməsi dövlətin əsas diqqət çəkdiyi vəzifələrdəndir. Beynəlxalq aləmdə, xüsusən də şərq ölkələrində baş verən münaqişələr fonunda Azərbaycan ən stabil ölkələrdən biridir. Aparılan dövlət siyasəti nəticəsində ölkədə bu stabillik təmin edilib,  gənclərin dini-xurafata meyllənməməsi istiqamətində işlər görülür. Belə aksiyalar da məhz yetişməkdə olan gənc nəslin vətənə, dövlətə layiqli vətəndaş kimi yetişmələrinə xidmət edir.

    Rayon Polis İdarəsinin rəisi Muradəli Babayev çıxışında qeyd etdi ki, dövlət başçısı İlham Əliyev və ölkənin birinci vtse-prezidenti Mehriban xanım Əliyeva bu gün sizə yüksək təhsil almaq üçün gözəl şərait yaratmışdır. Bu  sizi əla qiymətlərlə oxuyub Vətənə elminiz, biliyinizlə xidmət göstərməyə məsul etməlidir. Bu biliklərin içində isə ən qiymətlisi Vətəni tanımaq və onu bütün varlığınla sevməyi bacarmaqdır. Vətəni tanımasan, onu sevə bilməzsən. Vətəni, xalqı sevməsən canınla, qanınla onu qoruya bilməzsən. Bu yanaşmadan çıxış edərək Prezidentimizin gənclərimizin ölkəmizin tanıması, tarixi yerlərini, görkəmli şəxsiyyətlərinin yaşadığı yurd yerlərini görməsi üçün verdiyi bu tövsiyyəni yalnız alqışlamaq lazımdır.
   Toplantıda iştirak edən müəllimlər, səfərə hazırlaşan məktəblilərin valideynləri gənclərin istirahətinin səmərəli və faydalı təşkil etdiklərinə görə ilk nöbədə dövlət başçısına, rayon icra hakimiyyətinə və digər təşkilatçılara təşəkkürlərini bildirdilər.
   Görüş başa çatdıqdan sonra rayon icra hakimiyyəti adından tur-aksiyaya yollanan şagirdlərə xatirə hədiyyələri təqdim edildi.


  

Keçidlər