Şriftin ölçüsü :

Saytın rəngi :

"Ölkəmizi tanıyaq" tur-aksiyası davam edir

15 noyabr 2018 | 11:00

 "Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı olan Xətai rayonunun  məktəbliləri Lənkəran, Astara və Masallıya səyahət ediblər.
Məktəblilər Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Sonra məktəblilər Lənkərandakı Hirkan Milli Parkına və "Xanbulan” istirahət mərkəzinə səyahət ediblər.
Məlumat verilib ki, Hirkan Milli Parkı Azərbaycan Respublikasının cənub-şərqində, Xəzər dənizi sahilində, Lənkəran və Astara rayonlarının ərazisində yerləşir. Ümumi sahəsi 21 min 435 hektar ərazini əhatə edir. Diqqətə çatdırılıb ki, 2004-cü il fevralın 9-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Hirkan Milli Parkı yaradılıb. Milli Parkın ərazisi Hirkan qoruğundan və qoruğa bitişik meşə fondu torpaqlarından ibarətdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında Hirkan Milli Parkı UNESCO-nun "Ümumdünya Mədəni və Təbii İrs Siyahısı”na daxil olunması üçün qeydiyyata alınıb.

Bildirilib ki, Hirkan Milli Parkı çoxlu sayda endemik relikt növlərin mövcud olduğu təbiət muzeyidir. Bu muzeyin yaşı min illərlə ölçülür.
Məktəblilər Xanbulan kəndində salınmış sitrus meyvə bağları və çay plantasiyaları ilə də yaxından tanış olublar.
Tur-aksiyanın iştirakçılarına cənub bölgəsində çayçılığın inkişafı tarixi, müəssisədə aparılan elmi-tədqiqat işləri, təcrübələr və onların nəticələri barədə ətraflı məlumat verilib.
Lənkəran şəhərindəki "Qoşa Qala qapıları”, "Mayak” binası, "Dairəvi qala”, Bayraq Meydanı, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub.

Daha sonra tur-aksiya iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsini ziyarət edib, qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada şagirdlərə Həzi Aslanovun İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanın igid oğlunun ev-muzeyi 1969-cu il mayın 9-da yaradılıb. Muzeydə 5 ekspozisiya otağı fəaliyyət göstərir.

Məktəblilər səfərdən zəngin təəssürat aldıqlarını bildiriblər.

 

 

 

Keçidlər