Şriftin ölçüsü :

Saytın rəngi :

FHN Bakı Regional Mərkəzi Xətai rayonunda müşavirə keçirmişdir

16 noyabr 2018 | 11:00

FHN Bakı Regional Mərkəzi cari payız-qış mövsümünə hazırlıq çərçivəsində 16 noyabr 2018-ci il tarixində Xətai rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyinin təmin olunmasında fövqəladə hallar, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda növbəti rayon müşavirəsi keçirmişdir.

Tədbirdə Xətai rayon İcra hakimiyyətinin, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, o cümlədən aidiyyəti rayon xidmətlərinin və təhsil müəssisələrinin, rayonun qaz, su və elektrik enerjisi təchizatı qurumlarının, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də, FHN Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğın Nəzarəti və  FHN Dövlət Yanğından Mühafizə xidmətlərinin məsul işçiləri iştirak etmişlər.

Müşavirəni giriş sözü ilə açan Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində rayonda aparılan işlər barədə məlumat vermişdir.

Tədbirdə Bakı Regional Mərkəzinin nümayəndələri Bakı şəhərində 2017 və 2018-ci illərin müvafiq dövründə baş vermiş yanğın və dəm qazı zəhərlənmələrinin müqayisəli statistikasını tədbir iştirakçılarının diqqətinə çatdırmışlar.

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin və Xətai Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin nümayəndələri müvafiq olaraq “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları” və “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında çıxış etmiş, yanğınların başvermə səbəbləri, onlardan qorunma yolları barədə danışmışlar.

Çıxışlardan sonra məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunmuşdur.

Rayonun Enerji Təchizatı və Satışı İdarəsinin, Mənzil Kommunal Təsərrüfat Birliyinin, Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının, Bakı Regional Qaz İstismarı Departamentinin və Polis İdarəsinin nümayəndələri müvafiq olaraq “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”, “Yanğın zamanı ilkin tibbi yardım”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları” və “Baş vermiş yanğın hadisələri zamanı ictimai asayişin təşkili” mövzularında çıxışlar etmişlər. 

Keçidlər