Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin hesabat yığıncaqları davam edir
29.01.2014-cü il tarixdə 55 saylı tam orta məktəbin akt zalında Xətai rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədovun, hüquq-mühafizə orqanlarının, xidmət rəhbərlərinin, təhsil, səhiyyə və mədəniyyət işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, Xətai Bələdiyyəsi üzvlərinin və sakinlərinin iştirakı ilə 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2013-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. Toplantıda 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə Icra Hakimiyyəti Başçısının nümayəndəsi Əbülfət Piriyevin hesabat məruzəsi dinlənilmişdir.
Hesabat dövründə xidməti ərazidə 840 şagird yerlik 55 saylı yeni məktəb binası inşa edilmiş və “Bilik” günündə şagird və pedoqoji kolletkivin istifadəsinə verilmişdir. 165 saylı məktəbin köhnə binasında əsaslı təmir işləri aparılmış, 194 saylı məktəbin yerində “Regionların inkişaf proqramı”na əsasən yeni məktəb binasının inşasına başlanılmışdır.
“Xətai” Ticarət Mərkəzinin ikinci mərtəbəsində Bakı şəhərinin Xətai, Nizami və Suraxanı rayonlarının sakinlərinə xidmət göstərən Bakı şəhər 2 saylı ASAN Xidmət Mərkəzi 24.05.2013-cü il tarixdə əhalinin istifadəsinə verilmişdir. Açılışda ölkə başçısı cənab İlham Əliyev iştirak etmişdir.
Hesabat dövründə ərazidə aparılan genişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma işləri çərçivəsində Y.Səfərov küçəsində, Xətai heykəlinin arxasında park boyu yaşıllıq zolağı salınmış, dekorativ ağac və gül kolları əkilmişdir.
Nobel prospekti 3, 5, 7, 9 ünvanlarında yerləşən yaşayış binalarının fasadları üzlük daşla üzlənmiş, eyvanlara dekorativ məhəccələr quraşdırılmış və mansard tipli dam örtüyünün quraşdırılması üzrə işlər tamamlanmışdır.
A.Cəlilov küçəsi 5, Y.Səfərov küçəsi 8 və 10 ünvanlarında binaların damı mansard tipli dam örtüyü ilə əvəz olunmuş və A.Cəlilov küçəsi 7 ünvanında binanın fasadı üzlük daşla üzlənmişdir.
Bakı şəhərinin inkişaf planına uyğun olaraq Eksport küçəsi və Nobel prospekti 12 ünvanlarında yaşayan əhalinin köçürülməsi ilə əlaqədar aparılan işlərdə yaxından iştirak edilmişdir.
“Ağ şəhər” layihəsinin həyata keçirilməsi ilə əlaqədar Ərzurum yaşayış sahəsinin Turşu küçəsində və Nobel prospekti 8 və 41 ünvanlarında mənzil fondunun inventarlaşdırılması aparılmış, Turşu küçəsində 229 mənzilin texniki göstəriciləri müəyyən edilmişdir. Artıq 226 yaşayış sahəsində söküntü işləri tam başa çatdırılmışdır.
Cavanşir küçəsi 36 və 38 ünvanlarında yerləşən qəzalı vəziyyətdə olan yataqxanalarda yaşayan yerli sakinlərə dövlət tərəfindən yaşayış şəraitlərini yaxşılaşdırmaq məqsədilə birdəfəlik maddi yardımlar ödənilərək köçürülmüş və onların mənzillərinin boşaldılması təmin edilmişdir. Daha sonra isə həmin binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsinə başlanmışdır. Həmin ərəfədə 86 məcburi köçkün ailələrinin başçıları ilə görüşlər keçirilirmiş, köçürmə ilə əlaqədar nümayəndəlikdə onlara geniş məlumat verilmiş, onlardan razılıq ərizələrinin toplanması təşkil olunmuş və kompensasiya ayrılaraq mənzillərin boşaldılması təmin edilmiş, köçürmə işi başa çatdırılmış və hər iki beşmərtəbəli binanın söküntüsü həyata keçirilmişdir. Ümumilikdə bu iki binadan 286 ailənin köçürülməsi təmin edilmişdir.
Hesabat dövründə Milli parkın genişləndirilməsi ilə əlaqədar Nobel prospekti 4 ünvanında yerləşmiş dövlət müəssisələrinin inzibati binalarında yaşayan məcburi köçkün ailələrinin köçürülməsində yaxından iştirak edilmiş, 29 məcburi köçkün ailələri nümayəndəliyə dəvət olunmuş, onlarla görüşlər keçirilərək razılıq ərizələri yığılmış, onların məskunlaşdığı mənzillərin sxem və foto şəkilləri çəkilərək arxiv üçün sənədlər toplanmış, dövlət tərəfindən ayrılmış vəsait ödənilərək məcburi köçkün ailələri həmin ərazidən köçürülmüş, inzibati binaların boşadılması təmin edilərək sökülmüşdür.
Beləliklə, Bakı şəhərinin perspektiv inkişaf planına uyğun olaraq Nobel prospektinin başlanğıcından dənizkənarı ərazidə yerləşən idarə və müəssisələrin inzibati binalarında məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi təmin edilmiş və həmin ərazidə söküntü işləri aparılmışdır.
Nobel prospektində yerləşən AFFA-nın yaxınlığında olan köhnə tikililərin bir hissəsi sökülərək Nobel prospektinin genişləndirilməsinə və abadlaşdırılmasına şərait yaradılmışdır.
Həmçinin Nobel prospektində “Xətai” Ticarət mərkəzi ilə üzbəüz ərazidə yerləşən müxtəlif təyinatlı obyektlərin (dövlət və özəl) sökülməsi ilə əlaqədar lazımi sənədlər toplanmış, fotoşəkilləri çəkilmiş və müvafiq dövlət orqanlarına təqdim edilmişdir.
İ.Həbibov küçəsi 46 ünvanında partlayış nəticəsində ciddi zədə almış və qəzalı vəziyətə düşmüş binanın bir hissəsi əsaslı təmir olunmuşdur.
Hesabat dövründə nümayəndəliyin inzibati ərazisində Kommunal Xidmət Sahələri tərəfindən qəza halları operativ olaraq aradan qaldırılmış, bütün sahələrə diqqət artırılmışdır.
Hesabat dövründə ərazidə asfaltlama işlərinin aparılmasına diqqət artırılmışdır. Belə ki, ərazidə N.Əliyev küçəsində Heydər Əliyev adına litseyə gedən yola, Xocalı prospekti 24 ünvanına, 55 və 194 saylı məktəblərin ətrafına, H.Aslanov yaşayış sahəsində 59 saylı məktəbə gedən yola, Dənizçilik məktəbinə gedən yola, Hərbi Komissarlığın qarşısından keçən yola və digər məhəllədaxili yol və səkilərə, dalan və döngələrə asfalt örtüyü vurulmuşdur.
Xidməti ərazidə yerləşən meydançalara MKİS-lər tərəfindən əlavə konteynerlər paylanmış, məişət tullantılarının daşınmasına gündəlik nəzarət artırılmış, konteyner meydançalarında cari təmir işləri aparılmış və ərazinin təmizliyi nəzarətdə saxlanılmişdır.
Hesabat dövründə istilik mövsümünə hazırlıqla bağlı, “Azəristiliktəchizat” ASC-nin rayon üzrə fəaliyyət göstərən təşkilatları tərəfindən binaların məhəllədaxili və zirzəmilərdə aşağı paylama istilik xətlərində əsaslı və cari təmir işləri aparılmışdır.
S.Orucov küçəsi 2a, M.Mehdizadə küçəsi 10, 12 ünvanlarında istilik xətləri əsaslı təmir olunmuş və Nobel prospekti 5 ünvanında yeni istilik məntəqəsi inşa edilib istilik mövsümü ərəfəsində istifadəyə verilmişdir. Yusif Səfərov küçəsi 17 ünvanında istilik məntəqəsi yenidən qurulmuşdur.
Bütün qazanxanalarda və istilik məntəqələrində avadanlıqlar və istilik xətləri cari təmir olunmuş, izolyasiya işləri aparılmış, elektrik avadanlıqları və işıqlanma sistemi, nəzarət ölçü cihazları və avtomatika təftiş olunaraq cari təmir olunmuşdur.
Hesabat dövründə Xətai Texniki İstismar rayonu (Küçə İşıqları Sahəsi) tərəfindən nəqliyyat vasitələrinin, piyadaların maneəsiz hərəkətinin təşkili və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün magistral və məhəllədaxili yolların, prospektlərin işıqlandırılması tələb olunan səviyyədə həyata keçirilmiş, bir çox təhsil, səhiyyə müəsisələrinin, yaşayış binalarının qarşısı işıqlandırılmışdır.
Yol infrastrukturunda aparılan yenidənqurma işləri ilə əlaqədar Nobel prospekti və Zığ yolunda elektrik dirəkləri tamamilə yenilənmiş, Babək prospektində nasaz elektrik xətləri yeni dirəklər və naqillərlə əvəz olunmuş, nəticədə küçə və prospektlər tam işıqlandırılmışdır.
Rayonun 1 və 2 saylı Yaşıllıq Sahələri tərəfindən ağaclara və gül kollarına aqrotexniki qulluq göstərilmiş, belləmə və budama işləri aparılmışdır.
Bundan başqa nümayəndəlikdə ev təsərrüfatlarının uçotu kitablarının yazılması və qaydaya salınması işləri aparılmış, xidməti ərazidə yerləşən yüksəkmərtəbəli MTK-lar və qarajlar təyinatına görə siyahıya alınmışdır.
Nümayəndəlik rayonda keçirilən bütün tədbirlərdə və iməcliklərdə yaxından iştirak etmişdir.
Hesabat dövründə “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu”nun reklam və elanların yerləşdirilməsi ilə əlaqədar bəndlərin icrasının nümayəndəliyin inzibati ərazisində təmin edilməsi məqsədilə ərazilər üzrə işçi qruplar yaradılmışdır.
Qanunun tələblərinin yerlərdə icrası ilə əlaqədar işçi qruplar tərəfindən mütəmadi olaraq reydlər keçirilmiş, reydlər zamanı ayrı-ayrı ünvanlarda yerləşən idarə, təşkilat, ticarət və digər obyektlərin adı və fəaliyyət növü haqqında məlumatların yerləşdiyi lövhələrin, xüsusən küçə, divar reklamlarının xarici dillərdə yazılması ilə əlaqədar obyekt sahiblərinə edilmiş xəbərdarlıqların, eyni zamanda verilmiş tapşırıqların icra vəziyyətləri yerində yoxlanılmışdır.
Görülmüş tədbirlər nəticəsində bu sahədə baş verən Qanun pozuntularının aradan qaldırılması məqsədilə obyektlərin əvvəlki və sonrakı şəkilləri çəkilərək fotoalbom hazırlanmışdır. Keçirilən reydlər zamanı 24 obyekt sahibinə xəbərdarlıq edilmiş, 27 obyektdə reklam lövhələri sökülmüş, 16 obyektdə edilmiş xəbərdarlıqla əlaqədar reklam lövhələrinə düzəliş edilmişdir.
Tədbirin sonunda rayon Icra hakimiyyətinin başçısı R.Məmmədov bir daha inzibati ərazi dairələri üzrə nümayəndəliklərin yaranması zərurəti ilə əlaqədar məlumat vermişdir. İcra nümayəndəliyinin fəaliyyətindən danışmış, tövsiyyə və tapşırıqlar vermiş, xidmət sahələrinin rəhbərlərinə ərazidə sakinlər tərəfində qaldırılmış problemlərin vaxtında və operativ həllini təmin edilməsi üçün müvafiq tədbirlər görməsini tapşırmışdır. Həmçinin bildirmişdir ki, bütün rəhbər və məsul işçilər tutduğu vəzifəsindən asılı olmayaraq dövlət qulluqçularının və rəhbər işçilərinin etik davranış qaydalarına riayət etməli və fəaliyyətlərində diqqətli olmalıdır.