Xətai rayonunda qocaman pedaqoq Qurbanəli Əlizadənin 90 illik yubleyi təntənəli şəkildə qeyd edildi
Ümummilli lider Heydər Əliyevin “Yaşlı nəsil milli-mənəvi dəyərlərimizin qızıl fondudur” sözlərini əsas götürən Xətai Rayon İcra Hakimiyyəti Rayon Ağsaqqalllar Şurasının sədri, Respublika Ağsaqqallar Şurasının üzvü, qocaman pedaqoq Qurbanəli Əlizadənin 90 illik yubleyini qeyd etmişdir.
Rayon rəhbərliyi, yubilyar və tədbirə toplaşan qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ehtiramla ziyarət edib, qarşısına tər çiçək dəstələri qoydular.
İcra hakimiyyətinin şöbə müdiri Pənah İmanov yubilyarın həyat və fəaliyyəti haqqında geniş məlumat verərək bildirdi ki, Qurbanəli Əlizadə 1928-ci ildə Bakı şəhəri, Xətai rayonu Əhmədli kəndində anadan olub. Əmək fəaliyyətinə 1947-ci ildə başlayıb. 1957-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirdikdən sonra ömrünü gənc nəslin təlim-tərbiyəsi ilə bağlayıb. Müxtəlif illərdə müəllim, məktəb direktorunun müavini, qısa müddətə - 1963-65-ci illərdə Əhmədli qəsəbə sovetinin sədri vəzifələrində çalışıb. Rayon Xalq Deputatları Sovetinin deputatı olub. Ömrünün 50 ilini təhsilə həsr etmiş Qurbanəli müəllim 2011-ci ildə respublika Prezidentinin sərəncamı ilə gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. 1993-cü ildən Xətai Rayon Ağsaqqallar Şurasının sədri, 1995-ci ildən Respublika Ağsaqqallar Şurasının üzvü olan Qurbanəli müəllim hazırda təqaüddədir.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov təbrik nitqində qeyd etdi ki, xalqımızın ən dəyərli adət-ənənələrindən biri böyüyə hörmət, ağsaqqallara ehtiramdır. Etiraf etmək lazımdır ki, 1980-ci illərin sonu 1990-cı illərdə ölkədə cərəyan edən hadisələr xalqımızın bir çox milli-mənəvi dəyərləri ilə yanaşı, az qala bu adətin üstündən də xətt çəkmişdi. Bunun ölkədə hansı bəlalara yol açdığının hamımız canlı şahidiyik. Lakin Azərbaycanın böyük və sevimli oğlu, ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra, məhz onun gərgin siyasi fəaliyyəti sayəsində ölkəmiz məhv olmaqdan xilas edildi, milli-mənəvi dəyərlərimizə hörmət, qayğı Heydər Əliyev nümunəsində rəsmi dövlət səviyyəsinə qalxdı. Bu gün bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən daha geniş miqyasda davam etdirilir. Natiq yubilyar Qurbanəli müəllimin rayonun ictimai-siyasi həyatında daim fəal iştirak etməsindən, gənc nəslə öz namuslu, vicdanlı əməyi, Vətənə sonsuz sevgisi, cəmiyyət arasında əxlaqı və mədəniyyəti ilə daim nümunə olduğundan bəhs edərək bildirdi ki, belə insanlar gələcək nəsillərin tərbiyəsində misilsiz rol oynayırlar və biz də onları cəmiyyətə tanıtmalıyıq.
Mərasimdə iştirak edən Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov yubilyarı təbrik edərək bildirdi ki, bu gün ölkə rəhbərinin gərgin siyasi fəaliyyəti sayəsində ölkədə yaradılmış ictimai-siyasi və iqtisadi sabitliyin ən parlaq göstəricilərindən biri də respublikamızın hər yerində belə tədbirləri rahat, əmin-amanlıq şəraitində keçirməyimizdir. Natiq qeyd etdi ki, bu tədbir ölkəmizin min illik adət-ənənələrinə, əxlaq prinsiplərinə həmişə hörmətlə yanaşan, “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” kimi misilsiz ifadə işlətmiş ümummilli lider Heydər Əliyevin müqəddəs ruhuna ehtiramdır. Çünki Qurbanəli müəllim məhz belə müəllimlərdəndir.
Daha sonra çıxış edən YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, rayon Polis İdarəsinin rəisi, polis polkovniki Muradəli Babayev və digər natiqlər də Qurbanəli müəllimi təbrik edib xoş arzularını bildirdilər.
Tədbir Qurbanəli müəllimin çıxışı ilə yekunlaşdı. Yubilyar göstərilən diqqət və qayğıya görə minnətdarlıq edərək dedi: Burada mənim haqqımda danışılanlardan bir daha əmin oldum ki, 90 ili nahaq yaşamamışam. Ömrümün ən dəyərli hadisəsi Azərbaycanın müstəqilliyə qovuşması, ən dəyərli anları isə müstəqil dövlətimin qurucusu Prezident Heydər Əliyevlə və müstəqil ölkəmizi, xalqımızı xoşbəxt gələcəyə aparan Prezident İlham Əliyevlə doğulduğum Əhmədli qəsəbəsində görüşlərimdir.
Sonda Milli Məclisin deputatı Fəttah Heydərov Respublika Ağsaqqallar Şurası, Razim Məmmədov isə Xətai Rayon İcra Hakimiyyəti adından yubilyara fəxri fərman və xatirə hədiyyələri təqdim etdilər.