Xətai rayonunda yazıçı-dramaturq İmran Qasımovun 100 illik yubileyi ilə əlaqədar tədbir təşkil olunmuşdur.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xətai rayon Mərkəzi Kitabxanasında yazıçı-dramaturq İmran Qasımovun 100 illik yubileyi ilə əlaqədar “Onun böyük ürəyi” adlı tədbir təşkil olunmuşdur.
Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirdi ki, özünəməxsusluq, xəlqilik İmran Qasımovun yaradıcılığını şərtləndirən və səciyyələndirən xüsusiyyətlərdəndir. Bu, onun təsvir etdiyi qəhrəmanların mənəvi aləminə, qayğılarına və sevinclərinə çox bağlı olduğunu parlaq şəkildə göstərir. O, ədəbi yaradıcılıqla bərabər, həm də ictimai xadim olub. Tez-tez xarici ölkələrə səfərə çıxıb. Müxtəlif görüşlər, böyük xalqlar, maraqlı adamlar haqqında xatirələr yazıb.
Tədbirdə çıxış edən kinorejissor, ssenarist, Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” Ziya Şıxlinski qeyd etdi ki, İmran Qasımov öz zəngin yaradıcılığı ilə Azərbaycan dramaturgiyasında və ümumiyyətlə Azərbaycan ədəbiyyatında, incəsənətində və mədəniyyətində mötəbər bir mövqe tutmuşdur. Görkəmli sənətkar həmişə müasirimiz olaraq qalmaqdadır, əsərləri bu günün özündə də aktuallığını saxlayaraq, tərbiyəvi əhəmiyyətə malikdir.
Daha sonra Azərbaycan yazıçısı, Azərbaycan incəsənət xadimi, Şöhrət ordeni laureatı, Azərbaycan Respublikası Prezintenin fərdi təqaüdçüsü Natiq Rəsulzadə və Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan diktoru Eldost Bayramov İmran Qasımov haqqında xatirələrini bölüşdülər.
Yubiley tədbirinin sonunda rejissor Ziya Şıxlinskinin yazıçıya həsr olunmuş “Onun böyük ürəyi” adlı sənədli filmi nümayiş etdirildi.