XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI YAPONİYANIN “KOSUQI ZOHEN” ŞIRKƏTİNİNİN ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞDÜ
Xətai rayon İcra Hakimiyyətində Yaponiyanın yapon bağları və dizayn üzrə tanınmış “Kosugi Zohen Co.LTD” şirkətinin nümayəndələri Andreas Hamaker, Ruçi Kosugi və Mikio Kosugi ilə görüş keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov qonaqları salamlayaraq növbəti dəfə onları Azərbaycanda, Bakıda görməyindən məmnun olduğunu bildirdi. Qeyd olundu ki, Yaponiya – Azərbaycan dostluq münasibətləri günbəgün daha da genişlənməkdədir. Bu münasibətlərin inkişaf etdirilməsində Xətai rayonunun da xidmətləri vardır. Xətai rayon İcra Hakimiyyəti bü istiqamətdə davamlı olaraq müxtəlif layihələr həyata keçirilir, iki ölkə arasında qarşılıqlı səfərlər edilir. Ölkələrimiz arasında dost münasibətlərinin inkişafında dünya səviyyəsində tanınmış “Kosugi Zohen” şirkətinin və onun rəhbəri cənab Saki Kosuginin də rolu danılmazdır. Bu şirkətin rayonumuzdakı Heydər Əliyev parkında inşa etdiyi “Yapon bağı” indi nəinki Xətai sakinlərinin, eləcə də şəhərimizin qonaqlarının sevimli yerinə çevrilib. Xüsusən də Yaponiyadan gələn qonaqlar buradan xoş təəssüratlarla ayrılırlar.
Şirkət adından çıxış edən Andreas Hamaker xoş və isti münasibətlərə görə rayon İcra Hakimiyyətinin başçısına öz minnətdarlığını bildirərək qeyd etdi ki, həqiqətən də Azərbaycan, o cümlədən Xətai rayonu artıq onlar üçün doğma bir məkana çevrilib. Həmişə burada böyük hörmət və ehtiramla qarşılanırıq.
Sonra gələcək layihələr müzakirə edildi.