Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2013-cü il ərzində görülmüş işlər haqqında
30.01.2014-cü il tarixdə 64 saylı tam orta məktəbin akt zalında Xətai rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədovun, hüquq-mühafizə orqanlarının, xidmət rəhbərlərinin, təhsil, səhiyyə və mədəniyyət işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, Xətai Bələdiyyəsi üzvlərinin və sakinlərinin iştirakı ilə Əhmədli qəsəbə inzibati ərazi dirəsi üzrə nümayəndəliyin 2013-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. Toplantıda Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Füzuli Ələsgərovun hesabat məruzəsi dinlənilmişdir.
Məruzədə bildirilmişdir ki, Əhmədli qəsəbə nümayəndəliyi 2013-cü ildə fəaliyyətini “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq hazırlanmış və rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş Əsasnamə ilə verilmiş vəzifə və səlahiyyətlər çərçivəsində davam etdirmişdir.
Hesabat dövründə qəsəbə ərazisində küçələrə, dalan və döngələrə 100.000 kv.m-ə yaxın asfalt vurulmuşdur. Qəsəbənin qalan küçələrinə asfalt vurulması ilə əlaqədar hazırlıq məqsədilə su və kanalizasiya xəttləri qaydaya salınır. Konkret olaraq Balaxan Süleymanov küçəsində L-30 m, Şahin Səmədov küçəsində L-320m, D-200mm olan mərkəzi kanalizasiya xəttləri yenisi ilə əvəz olunmuş və qəsəbədə bütün kanalizasiya xəttləri xüsusi təyinatlı maşınla yüksək təzyiqlə yuyulmuşdur ki, nəticədə xətlərdə tez-tez tutulma halları aradan qaldırılmışdır.
Qısa müddət ərzində 7-ci Əhmədli, Seyid Mirhəsənağa və Balaxan Süleymanov küçələri işıqlandırılmış və digər küçələrdəki işıqlar bərpa edilmişdir.
Hesabat dövründə Dövlət Proqramına uyğun olaraq qəsəbənin Balaxan Süleymanov, Şahin Səmədov, 5-ci və 9-cu Əhmədli, 3-cü Qəsəbə küçələrinə ümumi uzunluğu 5800 p/m olan müxtəlif diametrli yeni qaz xətti çəkilmişdir. Bunlarla yanaşı qəsəbədə mövcud mexaniki sayğaclar «Smart-kart» tipli elektron qaz sayğacları ilə əvəz olunmuşdur. Sayğaclaşma hazırda 99,9% təşkil edir. Şahin Səmədov küçəsində qaz xəttində bir ədəd qaz tənzinləyici və D=50 mm olan bir ədəd siyirtmə quraşdırılmışdır. Hesabat dövründə 3700 abonentə xidmət göstərilmişdir.
Əhmədli qəsəbəsinin elektrik təchizatının yaxşılaşdırılması məqsədilə konkret tədbirlər nəzərdə tutulmuş və həyata keçirilmişdir. Bu məqsədlə Ş. Səmədov küçəsində yeni transformator məntəqəsi tikilmiş, avadanlıqlar quraşdırılmış, hazırda transformator məntəqəsinə kabel xəttinin çəkilişi aparılır. Görülmüş işlər tam başa çatdırıldıqdan sonra qəsəbə sakinlərinin elektrik enerjisi ilə dayanıqlı və fasiləsiz təchizatı tam yaxşılaşdırılacaq, elektrik enerjisinə qənaət ediləcəkdir. Hal-hazırda qəsəbədə bu sahədə görülmüş işlər nəticəsində demək olar ki, elektrik təchizatı sahəsində heç bir problem qalmamışdır.
Rabitə sahəsində qeyd etmək yerinə düşərdi ki, qəsəbədə bütün abonentlərdə telefon nömrələri elektron sistemə keçirilmişdir.
Qəsəbənin məişət tullantıları rayon MKTB-yi tərəfindən daşınır. Məişət tullantılarının daşınması ilə əlaqədar bağlanmış müqavilələrin sayı, əhalidən də obyektlərdən toplanan vəsait hesabat ilində nəzərə çarpacaq dərəcədə artmışdır. Bu istiqamətdə aparılan işlər ardıcıl olaraq davam etdirilir. Ayrı-ayrı ünvanlarda yerləşən məişət tullantılarının meydançaları və konteynerlər mütamadi olaraq təmir edilərək rənglənir və hesabat ilində M. Hadi, A. Ələsgər və digər küçələrində gündəlik tələbatı ödəyən yeni konteyner meydançaları tikilib istifadəyə verilmişdir. Hesabat ilində qəsəbə ərazisində qeyri-qanuni yaranmış zibil meydançaları ləğv edilmiş və tərəfimizdən xüsusi maşınla evlərdən məişət tullantıları daşınmaqdadır.
1941-1945-ci illərdə müharibədə həlak olan qəsəbə sakinlərinin xatirəsinə həsr olunmuş abidə kompleksi tamamilə yenidən qurulmuşdur. Qəsəbədə Böyük Vətən müharibəsində həlak olan qəsəbə sakinlərinin xatirəsinə ucaldılmış «Naməlum əsgər» abidə kompleksində və onun ətrafında əsaslı təmir-bərpa işləri aparılmış, bu ərazi tamamilə abadlaşdırılaraq istirahət parkına çevrilmişdir.
Ötən müddət ərzində hərbi xidmətə çağırışla əlaqədar qəsəbə nümayəndəliyi tərəfindən rayon Hərbi Komisarlığına yaxından köməklik göstərilmiş və görülmüş tədbirlərin nəticəsidir ki, 2013-cü ildə qəsəbə ərazisində hərbi xidmətdən yayınan olmamışdır.
“Ahıllara” sosail xidmət haqqında Qanunun icrası ilə əlaqədar olaraq hazırda Əhmədli qəsəbəsi ərazisində yaşayan 28 nəfər tənha, ahıl, kimsəsiz və əlil vətəndaşa mərkəzin 4 nəfər sosial xidmət işçisi tərəfindən evlərində sosial xidmət göstərilir.
Əhmədli qəsəbəsinin sahəsi 108 hektar, əhalisi faktiki 15000 nəfərdən artıqdır. Qəsəbədə 381 nəfər olmaqla 70 məcburi köçkün ailəsi məskünlaşmışdır.
Hal-hazırda Əhmədli qəsəbəsində 14 saylı şəhər xəstəxana poliklinikası, Zakir Əhmədov adına 64 saylı orta məktəb, 5 saylı peşə liseyi, humanitar fənlər təmayüllü məktəb-lisey, Vəli Məmmədov adına Mədəniyyət evi, Əhmədli məscidi, poçt, 120 yerlik 335 saylı uşaq bağçası və digər müxtəlif təyinatlı dövlət və özəl təşkilatlar fəaliyyət göstərirlər.
Ölkə Başçısı tərəfindən qəbul olunmuş Dövlət Proqramlarının icrası nəticəsində Aşıq Ələsgər küçəsində Bakı şəhərini çörəklə təmin edə biləcək gücündə müasir texnoloğiyalara uyğun olaraq “Çörək” zavodu tikilib istifadəyə verilmişdir.
Hesabat ili ərzində Əhmədli qəsəbə nümayəndəliyi tərəfindən rayon İcra Hakimiyyətindən və digər orqanlardan, həmçinin ayrı-ayrı vətəndaşlardan daxil olmuş yazılı və şifahi müraciətlər araşdırılmış və qanunauyğun cavablandırılmışdır. 2013-cü ildə qəsəbə nümayəndəliyinə sakinlər tərəfindən 45 ərizə və 51 məktub daxil olmuşdur. Onlara vaxtında baxılıb və müvafiq tədbirlər görülmüşdür. Bununla yanaşı il ərzində 122 vətəndaş nümayəndəlikdə qəbulda olmuş, onlara müraciətlərinə uyğun olaraq lazımı köməkliklər göstərilmiş və qəsəbə nümayəndəliyinə aidiyyatı olmayan müraciətlərlə bağlı müvafiq izahatlar verilmişdir.
Hesabat dövründə qəsəbənin giriş qapısı sökülmüş, qəsəbə qəbirstanlığının ətrafına çəkilmiş daş hasarları hündürləşdirilmiş, müasir üslubda təmir edilərək rənglənməsi, abidənin ətraf ərazisi yenidən qurulmuşdur.
Qəsəbənin sürətli inkişafı bu gün yeni komunikasiya xətlərinin tikintisinin aparılmasını, xüsusilə də 5 km-dək kanalizasiya şəbəkəsinin qurulmasını, 4 km-dək məhəllə daxili mövcud su kəmərinin iri diametrli boru ilə əvəz olunmasını, məhəllə daxili 10 km-dək yolların və küçələrin yenidən qurulmasını və asfaltlanmasını, Nobel prospekti istiqamətindən Kazımağa Kərimov küçəsi boyunca 5 km yolun yenidən tikilməsi işlərinin başa çatdırılmasına ehtiyac yaradır.
Digər vacib məsələ isə qəsəbənin və Təcrübə-Sınaq zavodunun kanalizasiya problemini birdəfəlik həlldir. Bunun üçün D=400 mm, L=1200 m olan yeni kanalizasiya xətti çəkilməlidir ki, bu da qəsəbənin ehtiyaclarını ödəməklə yanaşı həm də bu ərazidən keçən dəmir yolu xəttinin təhlükəsiz və etibarlı işləməsinə səbəb olcaqdır.
Tədbirin sonunda rayon Icra hakimiyyətinin başçısı R.Məmmədov Əhmədli qəsəbə nümayəndəliyinin fəaliyyətindən danışmış, tövsiyyə və tapşırıqlar vermiş, xidmət sahələrinin rəhbərlərinə ərazidə sakinlər tərəfində qaldırılmış problemlərin vaxtında və operativ həllini təmin edilməsi üçün müvafiq tədbirlər görməsini tapşırmışdır. Hesabatın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.